20 yaşlı milyonçu Bakıda necə “ayıq sürücü” oldu
Qonaqlıqda, evdən kənarda, sevgilisi ilə restoranda və ya dostları ilə barda spirtli içki qəbul etdikdən sonra, hər bir sürücü evə salamat getmək üçün ən azı bir dəfə “ayıq sürücü” xidmətindən istifadə edib.
Uşaqlıqdan arzulanan işlərdən olmasa da, bu gün əlçatan işlərdən biri də “ayıq sürücü”lükdür.
Bu xidmətlərin ofisində sizdən yalnız sürücülük vəsiqəsi tələb olunur. Əvvəllər məhkum olmağınız belə yoxlanılmır.
Ancaq bizim hekayəmiz bununla bağlı deyil...
Hekayəmizin tarixi 2005-ci ilə gedib çıxır. Həmin vaxt 20 yaşlı Bəhruz adlı oğlan Azərbaycanın nüfuzlu banklarından birində kassir vəzifəsinə düzəlir.
Bir müddət sonra o, istedadı sayəsində həmin bankın baş kassiri olur.
Təsəvvür edin, universiteti yenicə bitirən gənc oğlan qısa müddət sonra ayılıq 2500 manat əmək haqqı almağa başlayır.
“Hamı ailədə xoşbəxt idi. Hamı dedikdə anam və bacımı nəzərdə tuturam. Onlar həmişə inanırdılar ki, mən həyatda nəyəsə nail olacam, çünki ətrafdakılar mənim istedadımı bilirdilər. Mən pul yığmağa başladım. Maşın aldım, evi təmir etdirdim, “Sədərək” və “Binə”də özümə kiçik biznes qurdum. Hər şey əla gedirdi”, - Bəhruz saytımızın əməkdaşı ilə söhbətində deyir.
Pullar gənc ambisiyalı oğlanı maqnit kimi özünə çəkirdi. O, ilk baxışdan ən gəlirsiz sayılan biznesə maliyyə ayırdı, ancaq bir müddət sonra bu biznes populyarlıq qazandı və 23 yaşlı gənc daha çox pul qazanmağa başladı.
“Mən artıq həmyaşıdlarımla dostluq edə bilmirdim. Bizim həyata baxışımız tamamilə fərqli idi. Onlar “PES” və ya “FİFA” oynayırdılar, mən isə iş görüşləri keçirirdim. Elə vaxt gəldi ki, mənə filial rəhbərliyi işi tapşırıldı. O zaman bankın ən gənc üzvü məndən bir neçə yaş böyük idi”, - Bəhruz danışır.
Artıq Bəhruzun hesabında 7 sıfırlı məbləğ var idi. Bu dövrdə onun həyatına “sevgi” daxil olub.
Gözəl qız qısa zamanda oğlanın ağlını başından almağı bacarır.
“Biz görüşməyə başladıq. O, paytaxtın elit restoranlarında vaxt keçirməyi sevirdi. Mən hətta onun həyatıma girməsinə qədər Bakıda belə gözəl yerlərin olduğunu bilmirdim. İlk vaxtlar mən iş bitən kimi onunla kluba gedirdim və gecə saatlarınadək vaxtımı orada keçirirdim. Bu, mənim xoşuma gəlirdi. Özümü kral kimi hiss edirdim. Pullar mənim yeni dostlarımın ən çətin problemlərini həll edirdi”, - Bəhruz bildirib.
Qısa müddət ərzində qəhrəmanımızın ətrafında çoxlu yeni “dostlar” peyda oldu. İş o həddə çatmışdı ki, Bəhruz bankın ofisinə arabir gəlir və hətta işi demək olar ki, buraxmışdı.
“Mən dərk etməyə başladım ki, gəlirimdən deyil, uzun illər yığdığım pulları xərcləyirəm. Məni artıq heç nə dayandırmırdı – nə anamın göz yaşları, nə də bacımın daimi zəngləri. Bütün vaxtımı hər gün klublarda keçirirdim. Sevdiyim qız bütün günü yanımda olurdu. Biz onunla birlikdə Bakıdakı elit otellərdən birində birlikdə qalırdıq. Məni hər şey qane edirdi. Hətta maddi zərərlər haqqında düşünmürdüm. Mənə elə gəlirdi ki, vəziyyəti istədiyim vaxt düzəldə bilərəm. Öz gücümə həddindən artıq inanırdım”, - müsahibimiz qeyd edib.
Eyforiyanın sonu...
Bir gün qız Bəhruzu qardaşı ilə tanış etdi. İlk baxışdan təmkinli oğlan təsiri bağışlayırdı. Bir neçə gün sonra məlum oldu ki, həmin şəxs xarici bukmeker kontorunun rəhbərdir. Bəhruz da bu kontorlardan istifadə etməyə başlayır. İş o həddə çatır ki, həmin kontorlarda Bəhruzun adı ən “səxavətli müştərilər” sırasında çəkilirdi. O, demək olar ki, hər şeyi uduzdu. Qazandığı kiçik məbləğlər isə yalnız onun içkisinə bəs edirdi.
“Elə vaxt gəldi ki, mənim heç nəyim qalmadı. Bu müddət ərzində mən çoxlu tanışımdan borca pul götürmüşdüm. Pulları vaxtında ödəyə bilmədiyim üçün hamı məndən uzaqlaşdı. Dostlarım yoxa çıxdı. Mənim sevgilim isə qardaşı ilə Türkiyəyə getdi. Evə, anamın yanına qayıtdım. Bir neçə gün orada yaşadım və yenidən riskə getmək qərarına gəldim. Ancaq bu dəfə halal qazandığım pulum ilə yox”, - Bəhruz əlavə edib.
Müsahibimiz hansı haram pullardan söhbət getməsi ilə bağlı danışmaq istəmədi. O, yalnız bildirdi ki, buna görə həbsxanada 5 il yatmalı olub.
“Bu, mənim həyatımın ən çətin anları idi. Mən insanların necə alçaldıldığını öz üzərimdə hiss etdim. Azadlığa çıxdıqda isə bütün dünya dəyişmişdi. Ən azından mənim üçün . Heç kim məndən niyə görə həbs olduğumu soruşmurdu, əsas fakt idi – “zek”, - Bəhruz qeyd edib.
Bu günlərdə...
İndi Bəhruzun 33 yaşı var. Həbsxananın yeganə xeyri onun spirtli içkidən və mərc oyunlarından uzaqlaşması olub. Bəhruz azadlığa çıxdıqdan bir müddət sonra vakant yerlər üzrə müsahibələrdə iştirak edib. Ancaq işəgötürənlər onun məhkumluğu haqqında məlumat alanda CV-dən imtina ediblər.
Bəhruz yalnız “ayıq sürücü” xidmətində işə düzələ bilir. O, keçmişi haqqında heç kimə heç nə danışmır.