Rəsmi

Dövlət büdcəsinə qalıq vəsaitlərin köçürülməsi qaydaları dəyişdi

Nazirlər Kabineti dövlət büdcəsinə qalıq vəsaitlərin köçürülməsi qaydalarında dəyişiklik edib.

ENA.az xəbər verir ki, bununla əlaqədar “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na dəyişikliklər edilib.

Qaydaya edilən əlavəyə əsasən, Azərbaycan Respublikasının adından imzalanmış kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xarici kredit təşkilatları tərəfindən ayrılan maliyyələşmələrin (ödənişlərin) dövlət xəzinədarlığının bank hesabları vasitəsilə deyil, layihələr üzrə icraçıların bank hesablarına birbaşa ödənilməsi nəzərdə tutulduğu halda, həmin maliyyələşmələr (ödənişlər) üzrə əməliyyatlar, bu əməliyyatların icrası barədə xarici kredit təşkilatlarının ödəniş bildirişləri əsasında Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin kəsirinin həmin məbləğdə bağlanılması hesabına təmin edilir.

Qaydaya edilən dəyişikliyə görə, ilin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürülür. İndiyə qədər bununla bağlı müəyyən istisna hallar mövcud idi.

Dövlət büdcəsində nəzərdə tutulan ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilərdi. Yeni qaydalarda isə bu istisna aradan qaldırılıb və həmin vəsaitlər də ilin sonuna vahid xəzinə hesabına köçürülməlidir.

Qaydanın hazırkı variantına görə, büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı Maliyyə Nazirliyi tərəfindən idarə oluna və ya idarəetməyə verilə bilərdi. Yeni qaydalarda isə bu bəndlə bağlı dəyişiklik edilib. Bu dəyişikliyə uyğun olaraq, “Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən idarə olunur və (və ya) idarəetməyə verilir, yaxud dövlət borcuna xidmətlə əlaqədar xərclərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsinin maliyyələşdirilməsini təmin etmək üçün dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department