Azərbaycan kənd təsərrüfatı sahəsində İsrailin təcrübəsindən yararlanacaq
İsrailin kənd təsərrüfatı üzrə mütəxəssisi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi üçün ölkədə olan mövcud heyvandarlıq sahəsinin analizini apararaq hesabat hazırlayıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri Esmira Lətifova bildirib.
Onun sözlərinə görə, "Səmərəli heyvandarlıq və qidalanma sistemlərinin yaradılması ilə Azərbaycanda heyvandarlığın inkişafı” adlı hesabat İsrail eksperti Yoel Zeron tərəfindən hazırlanıb.
E.Lətifova deyib ki, hesabatda heyvandarlıq sahəsində çatışmazlıqları, problemləri və mövcud olan problemlərin həlli yolları da göstərilib.
Nazirlik rəsmisi bildirib ki, süni mayalanma xidmətinin səviyyəsi də daxil olmaqla hesabatda bir sıra məqamlara aydınlıq gətirilib: “Biz bu hesabatdan yararlanmağı planlaşdırırıq. Həmçinin, hesabatda qeyd edilmiş təkliflərin əhali arasında təbliğ və təşviqinə başlayacayıq”.
Xatırladaq ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramın əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaqdır. Proqramın yerinə yetirilməsi nəticəsində heyvan mənşəli məhsulların istehsal həcmi artacaq, yem ehtiyatları, örüş və otlaq sahələri daha səmərəli istifadə ediləcək. Məhsuldarlığın artması fermerlərin gəlirlərinin artmasına, onların maddi rifah halının yaxşılaşmasına şərait yaradacaq.