Bank

​​​​​​​Rus bankından bankirlər depoziti geri çəkirlər

Devalvasiyadan sonra ən böyük kapital yatırımı ilə gündəmə gələn “VTB Bank Azərbaycan”ın göstəriciləri hələki düzəlmir.

250 milyonluq zərər

BI xəbər verir ki, 2018-ci ilin üçüncü rübündə bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın azalaraq 5 milyon 930 min manat, faiz xərcləri 3 dəfə azalaraq 7 milyon 778 min manat olub. Bu isə kredit və depozit portfelləri üzrə vizyyətin yaxşı olmadığını göstərir.

“VTB Bank Azərbaycan”ın qeyri-faiz zərəri 5 milyon 512 min manat, qeyri-faiz xərcləri isə 12 milyon 348 min manat təşkil edib. Bankın əməliyyat zərəri 19 milyon 707 min manat olub.

Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyata 231 milyon 139 min manat ayırıb. Buna əməliyyat zərərini əlavə etdikdə bank 2018-ci ilin üçüncü rübünü 250 milyon 847 min manat zərərlə başa vurmuş olur.

Aktivləri kəskin azalıb

“VTB Bank Azərbaycan”ın 2018-ci ilin üçüncü rübündə cəmi aktivləri illik müqayisədə 2,7 dəfə azalaraq 144 milyon 371 min manat olub. Aktivlərin 55 milyon 477 min manataını müştərilərə verilən kreditlər təşkil edir. Bankın kredit portfeli də ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə azalıb. “Nostro” hesablar illik müqayisədə 46% azalaraq 32 milyon 992 min manata düşüb.

 

Öhdəliklər 4 dəfə düşdü

Bankın cəmi öhdəlikləri illik müqayisədə 4 dəfə azalaraq 89 milyon 606 min manat olub. Öhdəliklər kəskin azalmasına səbəb digər bankların “VTB Bank Azərbaycan”dan depozitlərini götürməsidir. Belə ki, ötən ilin bankların depozitləri 136 milyon 256 min manat təşkil edirdisə, bu il bu göstərici cəmi 90 min manat təşkil edir. Müştərilərin depoziti isə illik müqayisədə 22% artaraq 49 milyon 631 min manat təşkil edib.
 

“VTB Bank Azərbaycan”ın 2018-ci ilin üçüncü rübündə cəmi kapitalı 54 milyon  764 min manat təşkil edib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)