Sosial iqtisadiyyat

34 vergi işçisinin fəaliyyətinə xitam verilib - "YEYİNTİ" AŞKARLANIB

Vergilər Nazirliyi mənimsəməyə yol vermiş 34 əməkdaşın vergi xidmətində fəaliyyətinə xitam verib.

Nazirlikdən "ENA"ya verilən məlumata görə, eyni zamanda aşkar olunmuş faktlar toplanaraq hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə göndərilib.

Araşdırmalar zamanı bir sıra vergi əməkdaşları tərəfindən ödəniş məbləğlərinin ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsi müəyyən edilib.

Qeyd olunmalıdır ki, bu, vergi orqanlarının hüquq-mühafizə orqanlarına təqdim etdiyi ilk hal deyil. Təkcə 2018-ci il və 2019-cu ilin 1-ci rübündə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 24 nəfər barədə 14 material hüquq-mühafizə orqanlarına təqdim edilib.

Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru Cavanşir Nuriyev bildirib ki, Nazirlik öz fəaliyyətində şəffaflığın təmin edilməsinə ciddi önəm verir.

“Vergilər Nazirliyinin struktur vahid və bölmələrinin fəaliyyətində yol verilə biləcək nöqsan və çatışmazlıqların vaxtında müəyyənləşdirilməsi üçün təhlillər, daxili audit və xidməti araşdırmalar aparılır. Bu proses daim davam edir və vergi xidməti əməkdaşlarının fəaliyyətinin effektivliyinə, qanunvericiliyə uyğun icrasına nəzarət olunur. Aşkar edilmiş hallar müxtəlif xarakterlidir və yalnız rüşvətalma faktları ilə məhdudlaşmır. Bəzi hallarda vergi əməkdaşlarının himayəçilik etməsi, yaxud vergidən yayınmaq üçün ayrı-ayrı şəxslərə kömək etməsi, bəzən maraq toqquşmasına yol verilməsi və vergi qanunvericiliyinin tələblərinin düzgün tətbiq olunmaması nəticəsində yaranmış risklərlə bağlı hallar qeydə alınıb. 2018-ci il və 2019-cu ilin 1-ci rübü ərzində yerli vergi strukturlarında aparılmış kompleks audit tədbirləri zamanı aşkar edilmiş müxtəlif faktlar üzrə 34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib, 11 əməkdaş vəzifədən kənarlaşdırılıb”, - deyə baş direktor əlavə edib.

C.Nuriyevin sözlərinə görə, bu kimi halların məhz Nazirliyin təşəbbüsü ilə aparılan yoxlamalar çərçivəsində aşkar olunması vergi orqanlarının öz fəaliyyətində şəffaflığı təmin etmək istəyini ən bariz şəkildə nümayiş etdirir.

Beləliklə, Vergilər Nazirliyi öz sıralarını qanunazidd əməllərə yol verən əməkdaşlardan təmizləyəcəyinə dair vədlərinin icrasını davam etdirir. Nazirlikdən bildiriblər ki, qurum bundan sonra da elan etdiyi şəffaflıq prinsiplərinə sadiq qalacaq, daxili strukturlarının və vergi xidməti əməkdaşlarının fəaliyyətini nəzarətdə saxlamaqla korrupsiya və mənimsəmə hallarına qarşı ən sərt tədbirlər görəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)