Valyuta məzənnələrinin dəyişməsi SOCAR-a böyük ziyan vurub
2017-ci illə müqayisədə SOCAR-ın gəlirləri artsa da xalis mənfəəti azalıb. Əsas səbəblər satışın maya dəyərinin artması, valyuta məzənnələrinin dəyişməsidir.
“ENA” SOCAR-ın illik hesabatına istinadən xəbər verir ki, bir əvvəlki illə müqayisədə dövlət şirkətinin gəlirləri 18 milyard 627 milyon manat və ya 20,1% artaraq 111 milyard 198 milyon manata yüksəlib. Eyni zamanda, SOCAR-ın satış xərcləri 18 milyard 113 milyon manat və ya 20,7% artaraq 105 milyard 453 milyon manat təşkil edib. Nəticədə, ötən il satışdan xalis gəlir 5 milyard 730 milyon manat təşkil edib. 2017-ci ildə xalis gəlir 5 milyard 219 milyon manat təşkil etmişdi. Qısası, xərclərin artması gəlirin artmasını silib.
Ötən il SOCAR-ın əməliyyat gəliri (inzibati və digər ərclər çıxıldıqdan sonra qalan gəlir) 3 milyard 595 milyon manat təşkil edib. Bu, 2017-ci illə müqayisədə 1 milyard 73 milyon manat və ya 42,5% çoxdur. Amma valyuta məzənnələrinin dəyişməsi SOCAR-da 698 milyon manat zərər yaratdığından, maliyyə xərcləri 296 milyon manat artdığından və 572 milyon manat daha çox mənfəət vergisi ödənildiyindən xalis mənfəət 2017-ci illə müqayisədə 868 milyon manat və ya 41,5% azalaraq 1 milyard 224 milyon manata düşüb.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə SOCAR 2 milyard 92 milyon manat xalis mənfəət əldə etmişdi.