Azərbaycan hökuməti ölkədən Gürcüstana turist axınının qarşısını almaq istəyir
Təkcə 2018-ci ildə Azərbaycandan Gürcüstana 1,6 milyon nəfər turist gedib.
“ENA” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini, Fondun sədri vəzifəsini icra edən Arif Vəliməmmədov Bakıda keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda konfransda bildirib.
Eləcə də bax: Azərbaycan "Boeing 737" təyyarələrindən imtina etdi
“Təbii ki, biz insanları ora getməməyə məcbur edə bilmərik. Harada dincəlməyi seçmək insanların haqqıdır. Amma bu turistləri Azərbaycanda saxlamaq, eləcə də digər ölkələrdən Azərbaycana turistlər gətirmək üçün işlər görməliyik. Bunun üçün Azərbaycanda dincəlmək üçün Gürcüstandan da yaxşı şərait yaradılmalıdır. Düşünürəm ki, bunun üçün imkanlar mövcuddur. Azərbaycanla Gürcüstanın təbiəti və mətbəxi demək olar ki, eynidir. Bu səbəbdən də Azərbaycan Gürcüstana gedən turistlərin qarşısını ala və başqa ölkələrdən Azərbaycana turist cəlb edə bilər”, - o qeyd edib.