Məhkəmə Palatanın protokolunu ləğv etdi
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "ECO "PROD" MMC barəsində protokol tərtib edib.
"Bİ" xəbər verir ki, Nəzarət Palatasının 1282/11 saylı, 19 fevral 2018-ci il tarixli inzibati xəta haqqında protokolunda qeyd edilib ki, "ECO PROD" MMC 115 884 avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "Yapı Kredi Bank Azərbaycan" QSC-də olan hesabından 14.06.2017-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürüb.
Lakin ödənişin aparıldığı gündən 180 gündən artıq müddət keçməsinə baxmayaraq, 6688,50 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməyib, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb.
Abşeron Rayon Məhkəməsi isə MMC-ni İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.
Qərara əsasən, şirkət 23176,80 avro məbləğində ödəniş gününə Azərbaycan Mərkəzi Bankının məzənnə nisbətində manatla cərimə edilib.
Daha sonra "ECO "PROD" MMC-nin direktoru məhkəmə qərarından apellyasiya şikayəti verib. O, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edib. MMC-nin direktoru apellyasiya şikayətini onunla əsaslandırıb ki, qeyd olunan məbləğ istixana konstruksiyalarının alınması üçün köçürülüb və malların ölkəyə idxalında problemlər yaranıb. Buna görə də vəsaitin köçürüldüyü vaxtdan 180 gün deyil, 190 gün sonra mallar ölkəyə idxal edilib.
Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin edib, birinci instansiya məhkəməsinin çıxardığı qərarı ləğv edilib.
Qeyd edək ki, "ECO PROD" Azərbaycanda kənd təsərrüfatı və xüsusilə pomidor yetişdirən şirkətlərdən biridir.