"Artıq 23-ü fəaliyyətə başlayıb, bu il daha 8 rezident istehsala başlayacaq"
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə müsahibə
-Qeyri-neft sənayesinin hansı sahələri üzrə daha çox artım müşahidə edilir?
-Azərbaycanda həyata keçirilən səmərəli və dəqiq hədəflərə hesablanmış sosial-iqtisadi siyasətin real nəticələri konkret rəqəmlərdə də ifadə olunur. Bu ilin birinci rübündə ölkə iqtisadiyyatına 2,8 milyard dollar investisiya yatırılıb ki, bunun da 2 milyard dollarını qeyri-neft sektoruna qoyulmuş sərmayə təşkil edir. Həmin müddətdə ümumi daxili məhsul 3 faiz artıb. Bu, son bir neçə il ərzində ən yüksək göstərici hesab olunur. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar ümumi daxili məhsulun artımının daha çox sənaye istehsalının hesabına formalaşmasını şərtləndirir. Ümumi daxili məhsulda sənayenin payının ildən-ilə nəzərəçarpacaq dərəcədə artması bunu aydın şəkildə göstərir: ümumi daxili məhsulda sənayenin payı 2015-ci ildə 32,9 faiz, 2016-cı ildə 37,1 faiz, 2017-ci ildə 40,1 faiz, 2018-ci ildə 44,2 faiz, 2019-cu ilin birinci rübündə isə 46 faiz olub.
Ötən il ərzində Azərbaycanda sənaye istehsalı 1,5 faiz artıb. İnkişaf meyili 2019-cu ildə də davam edir. Bu ilin ilk rübündə qeyri-neft sektorunda 1,7 faiz, sənaye istehsalında 4,4 faiz, qeyri-neft sənayesində isə 15,6 faizlik artıma nail olunub.
Cari ilin yanvar-mart aylarında qeyri-neft sənayesində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (85,6 faiz), içki istehsalı (78,8 faiz), toxuculuq sənayesi (61,4 faiz), mebellərin istehsalı (58,7 faiz), rezin və plastik kütlə məmulatlarının istehsalı (59,3 faiz), kağız və karton istehsalı (34,6 faiz), kimya sənayesi (32,6 faiz), qida məhsullarının istehsalı (26,8 faiz), maşın və avadanlıqların istehsalı (13,2 faiz), tikinti materiallarının istehsalı (8,5 faiz) və s. sahələrdə müşahidə olunub. Sənayeləşmə siyasətinin uğurla həyata keçirilməsi, yeni sənaye müəssisələrinin yaradılması əhalinin məşğulluğunun artırılmasına, həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfə verir. Qeyd edim ki, 2019-cu ilin yanvar-mart aylarında ölkənin sənaye sahələrində çalışan işçilərin sayı 204 min nəfərdən çox, orta aylıq əməkhaqqı isə 1037 manat təşkil edib.
-Qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasında, qeyr-neft sənayesinin mütərəqqi üsullarla inkişafında dövlətin dəstək modelləri olan sənaye parkları və məhəllələrinin rolunu necə xarakterizə edərdiniz?
-Dövlətimizin başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, ölkədə yeni sənaye müəssisələri açılır, mövcud müəssisələrin istehsal gücü artırılır, hazırda bir sıra sənaye obyektlərinin tikintisi davam etdirilir. Bir daha qeyd edim ki, sənayenin inkişafında yeni mexanizm kimi sənaye parklarının yaradılmasının böyük əhəmiyyəti vardır. Artıq Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarıdır.
İndiyədək sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Bu rezidentlərin 23-ü artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 8 rezident istehsala başlayacaq.
Sənaye parklarında rezidentlər üçün vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Hazırda bu güzəştlərin səmərəliliyinin daha da artırılması istiqamətində təkliflər hazırlanır.
Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir.
İndiyədək sənaye parklarına 3,3 milyard dollar həcmində investisiya qoyulub. Təkcə, 2018-ci ildə rezidentlər tərəfindən 451 milyon dollar sərmayə yatırılıb. Sənaye parklarında 9 minə yaxın daimi iş yeri yaradılıb. Növbəti mərhələdə 400 milyon dollaradək sərmayə qoyuluşu, 1600-dən artıq iş yerinin açılması nəzərdə tutulur.
Qeyd edim ki, indiyədək sənaye parklarında 1,36 milyard manat dəyərində məhsul istehsal edilib ki, bunun 250 milyon manatlıq hissəsi ixrac olunub.
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə müəyyən edilmiş vəzifələrin icrası olaraq ölkədə sənaye məhəllələrinin yaradılması davamlı prosesə çevrilib. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli iqtisadi modeldir.
Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi dövlətimizin başçısı tərəfindən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə tapşırılıb. Artıq dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılmış Neftçala və Masallı sənaye məhəllələri fəaliyyət göstərir, Hacıqabul Sənaye Məhəlləsində işlər yekunlaşıb və sahibkarlar istehsalın qurulmasına başlayıblar, Sabirabad Sənaye Məhəlləsində isə son tamamlama işləri aparılır. Fəaliyyətdə olan sənaye məhəllələrində indiyədək 33 milyon manatlıq məhsul istehsal edilib.
Qeyd edilən sənaye məhəllələrində qeydiyyatdan keçmiş iştirakçıların sayı 36 olmaqla ümumilikdə, 140 milyon manata yaxın investisiya yatırılması, 2 minədək iş yerinin yaradılması nəzərdə tutulur. Bu müəssisələrin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 15 müəssisə fəaliyyətə başlayacaq.
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, ölkənin digər regionlarında da sənaye parkları və məhəllələrinin yaradılması işləri davam etdirilir.
-Azərbaycanda yeni sənaye sahələrinin yaradılması müasir dövrün çağırışlarına uyğun inkişaf baxımından nələr vəd edir?
-Vurğulayım ki, Azərbaycan sənayesi həm texnoloji, həm də innovativ baxımdan inkişaf edir. Hazırda ölkəmiz dünya kosmik klubunun üzvüdür və kosmik sənayedə öz mövqelərini möhkəmləndirir. Artıq Azərbaycanın orbitə 3 peyki çıxarılıb və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir.
Yeni sənaye sahələrindən olan hərbi sənayemiz ildən-ilə güclənir. Müdafiə sənayemiz Silahlı Qüvvələrimizi silah-sursat, texnika və s. vasitələrlə təmin etməklə yanaşı, xarici ölkələrə də məhsul ixrac edir. Bu məhsullar beynəlxalq sərgilərdə nümayiş olunur və böyük maraqla qarşılanır.
Başqa bir sahə kimi, avtomobil istehsalını göstərmək olar. Azərbaycanda minik və yük avtomobillərinin istehsalı ildən-ilə artır. Təkcə Neftçala Sənaye Məhəlləsində 2018-ci ilin martından fəaliyyət göstərən “Xəzər” avtomobil zavodunda 1600-dan çox minik avtomobili istehsal olunub və böyük əksəriyyəti artıq satılıb. Müəssisə daha 400-ə yaxın avtomobil üçün sifariş qəbul edib.
Sənayenin inkişafı alt sahələrin, eləcə də kiçik və orta biznesin imkanlarını daha da genişləndirir. Buna misal olaraq, Azərbaycanda kimya sənayesinin inkişafı məqsədilə ötən il Sumqayıt Kimya Sənaye Parkında istismara verilən “SOCAR Polymer” MMC-ni qeyd etmək olar. Belə ki, “SOCAR Polymer” layihəsi çərçivəsində tikilən zavodlarda müxtəlif növ polipropilen və yüksəksıxlıqlı polietilen məhsulları istehsal olunur. Bu məhsullar xarici ölkələrə ixrac edilməklə yanaşı, həm də bir çox kiçik və orta müəssisələr üçün xammaldır.
-Azərbaycanda ixracyönümlü istehsal sahələrinin inkişafı və qeyri-neft ixracının artırılması sahəsində görülmüş işlər barədə məlumat verərdiniz.
-Qeyd etdiyim kimi, ölkədə qeyri-neft sektorunun şaxələndirilməsi, qeyri-neft sənayesinin inkişafı, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir, xarici ölkələrə ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunur. Qeyri-neft ixracının stimullaşdırılması, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə indiyədək xarici ölkələrə 29 ixrac missiyası, o cümlədən bu ilin əvvəlindən 4 xarici ölkəyə (Çin, Polşa, Latviya, Qətər) 5 ixrac missiyası həyata keçirilib. Azərbaycan məhsulları indiyədək 24 beynəlxalq sərgidə nümayiş olunub. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının ixracına dair razılaşmalar və sifarişlər əldə edilir, müqavilələr imzalanır.
Bundan başqa, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi məqsədilə həyata keçirilən səmərəli tədbirlərdən biri də xarici ölkələrdə Azərbaycan ticarət və şərab evlərinin yaradılmasıdır. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, 2017-ci ildə Belarusda, 2018-ci ildə Ukrayna, Latviya, Polşa və Çində, bu ilin yanvar ayında isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan ticarət evləri açılıb. Bu ticarət evlərinin hər birində müxtəlif növ Azərbaycan məhsullarının daimi sərgisi fəaliyyət göstərir. Çinin Urumçi və Şanxay şəhərlərində Azərbaycan şərab evləri uğurla fəaliyyət göstərir.
Eyni zamanda, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndələri fəaliyyət göstərir ki, bu da ölkəmizin qeyri-neft ixracının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqi, investisiyaların cəlb olunması baxımından yeni institusional yanaşmadır.
Kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə mexanizminin tətbiq olunması da ölkədə istehsal olunan qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasında mühüm rol oynayır. Qeyd edim ki, indiyədək 13 milyon manata yaxın ixrac təşviqi ödənilib.
Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin xarici ticarət tərəfdaşlarının sayı və qeyri-neft ixracı davamlı olaraq artır. Belə ki, 2003-2018-ci illərdə Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı 1,4 dəfə, ixrac 7,5 dəfə, o cümlədən qeyri-neft ixracı 4,5 dəfə, ixrac məhsullarının çeşidi 2,5 dəfə artıb.