Hadisə

Rüşvət alan polislər işdən qovuldu - VİDEO

Sosial şəbəkələrdə yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət alarkən videogörüntüsü yayılan polis əməkdaşları vəzifələrindən azad edilib.

Bu barədə  Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət alan polislər barədə araşdırma yekunlaşıb:

Polis əməkdaşları barədə Baş İdarədə xidməti yoxlama aparılıb. Müəyyən olunub ki, sosial şəbəkələrdə yayılan videogörüntülər iyunun 29-da Binəqədi rayonu, Azadlıq prospekti ilə Axundov küçəsinin kəsişməsində yolun hərəkət hissəsini müəyyən olunmayan yerdən keçən piyadalara qarşı profilaktik tədbirlər zamanı baş verib.

Polis serjantları Elvin Əhmədov və Ceyhun Nəsrullayev yolu müəyyən edilən yerdən keçməyən piyadalara dayandırmanın səbəbini izah etsələr də, heç bir sənədləşdirmə aparmayıblar”.

“Yol hərəkəti haqqında” qanunun və “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin tələblərini pozduqlarına görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən Binəqədi RPİ Dövlət Yol Polisi şöbəsinə Binəqədi RPİ Post Patrul Xidməti bölüyündən ezam olunmuş əməkdaşlar aparılan xidməti yoxlamanın nəticəsinə görə Bakı Şəhər BPİ rəisinin müvafiq əmri ilə daxili işlər orqanlarından xaric edilib.

İlhamə Əbülfət

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)