TURİZM

Dünyanın gözü Şəkidə - Otellər daha nikah kağızı istəmir...

Xəbər verdiyimiz kimi, Şəki Xan Sarayı ilə şəhərin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb. Bu qərarı şəkililərlə yanaşı, hər kəs sevinclə qarşılayıb. Çünki Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınıb. Şəhərin tarixi mərkəzində Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları, Mirzə Fətəli Axundzadənin ev muzeyi, eləcə də digər yaşayış evləri yerləşir. 

Yay aylarında bura səyahət edənlərin sayı çoxalır. Bu müddətdə turistlərin də abidələrə marağının artdığını müşahidə etmək mümkündür. Xüsusilə Şəki Xan Sarayı onların diqqətini daha da cəlb edir. Xan Sarayının bələdçiləri də qonaqlara Şərq memarlıq üslubunun incisi olan bu saray barəsində dolğun və zəngin məlumatlar verə bilirlər.

Beləliklə, sözügedən qərardan sonra Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzi bütün bəşəriyyətin mədəni irsi hesab olunur. Bundan sonra xarici turistlərin, eyni zamanda ölkə vətəndaşlarının Şəkiyə daha çox səfər edəcəyi gözlənilir.  

Aydındır ki, turistlər səfər etdikləri yerdə gecələmək üçün otellərdə qalırlar. belə ki, Azərbaycanda paytaxt Bakı da daxil olmaqla, bölgələrdəki otellər cütlüklərdən nikah kağızı tələb edirlər. Bu sənədin tələbi qanunvericilikdə nəzərdə tutulmasa da, müəssisələr bunu öz nüfuzlarını qorumaq üçün etdiklərini bildirirlər. 

Şəkinin artıq Dünya İrs Siyahısında yer alması burada yerləşən otellərdə bu problemin olub- olmadığını gündəmə gətirib. 

Bu məqsədlə də şəhərin bir neçə  məşhur oteli ilə əlaqə saxlanıılıb. Araşdırma zamanı məlum oldu ki, mərkəzdə yerləşən, o cümlədən mərkəzə yaxın məşhur otellərin heç birində nikah kağızı tələb edilmir. Turistlər  sadəcə şəxsiyyət  vəsiqəsini təqdim etməklə otellərdə qala bilərlər.

Günel Türksoy

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)