Əsas məzmuna keç
Bakı +14°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Pul yardımı 73 minədək ailəni əhatə edəcək

Pul yardımı 73 minədək ailəni əhatə edəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 dekabr 2019-cu il tarixində “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi tapşırılır.

Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon manat ayrılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, Sərəncamın 2019-cu il 30 dekabr tarixinə 73 minədək ailəni (290 minə yaxın ailə üzvü) əhatə edəcəyi gözlənilir.

Qeyd edilib ki, nazirlik tərəfindən birdəfəlik yardım ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürüləcək:

"Onlar birdəfəlik yardımı (100 manat) ünvanlı dövlət sosial yardımını aldıqları plastik ödəniş kartları vasitəsilə alacaqlar. Aztəminatlı ailələrə göstərilən birdəfəlik yardım onların bayram ərəfəsində maddi təminatlarına bir dəstək olacaq".