Keçmiş MTN polkovniki həbs edilib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki və Lənkəran Dövlət Universitetinin prorektoru olmuş Bahadır Qocayev külli miqdarda dələduzluqda ittiham olunur.
Məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsilə təqsirli bilinən sabiq prorektor həbs edilib. Keçmiş MTN vəzifəli şəxsi 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilir.
!@#
B.Qocayev barəsində istintaq tərəfindən toplanan sübutlar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Bahadır Qocayev vaxtilə MTN-nin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. Keçmiş nazir Eldar Mahmudov işdən çıxarıldıqdan və "MTN işi" ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb. 2016-cı ildə LDU-nun Ümumi işlər üzrə prorektoru təyin edilib və bir müddət sonra bu vəzifəsindən də azad edilib.
Bundan başqa, vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb.











