Hörmüz boğazındakı gərginliyə baxmayaraq neft ucuzlaşır (17.11.2026)

Neft qiymətləri azalıb: Brent 92 dollardan aşağı düşüb
Dünya bazarlarında neft qiymətləri Yaxın Şərqdən tədarükün bərpası və qlobal təklifin tələbi üstələyəcəyi gözləntiləri fonunda ucuzlaşıb.
ENA.az Reuters-ə istinadən xəbər verir ki, noyabrın 17-də Bakı vaxtı ilə səhər saatlarında “Brent” markalı neftin fyuçersləri 0,8% ucuzlaşaraq bir barel üçün 91,66 dollara, ABŞ-ın WTI markalı neftinin fyuçersləri isə 0,9% azalaraq 84,99 dollara düşüb.
Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozuna görə, Yaxın Şərqdən ixracın bərpası qlobal tələbin artımını üstələdiyi üçün neft bazarı 2026-cı ilin dördüncü rübündə profisitə qayıdacaq.
Bununla belə, Hörmüz boğazında gəmiçilikdə yaranan fasilələr və İranın Bəhreyndəki ABŞ hərbi bazalarına hücumları enerji təchizatı ilə bağlı riskləri artırmaqda davam edir.
ANZ analitiklərinin qiymətləndirməsinə görə, Hörmüz boğazından keçən neft axını müharibədən əvvəlki səviyyənin cəmi 49%-nə bərabərdir. Alternativ marşrutlardan asılılığın artması isə tədarükü yeni hücumlar və logistika problemləri qarşısında həssas edir.
Digər tərəfdən, ABŞ-ın strateji neft ehtiyatları ötən həftə 276,4 milyon barelə enib. Bu, 1982-ci ilin avqustundan bəri ən aşağı göstəricidir.
Qeyd edək ki, OPEC+ ölkələri noyabrın 29-da 2027-ci il üzrə hasilat siyasətini müzakirə etmək üçün görüş keçirəcəklər.











