SOCAR 3 yatağın qazılması üçün büdcədən 442 milyon manat alıb
SOCAR “Ümid”, “Qarabağ” və “Babək” yataqlarında yeni quyuların qazılması üçün bu il dövlət büdcəsindən 442 mln. manat alıb
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2018-ci ildə bir sıra yataqlarda qazma işlərinin aparılması və təbii qazın “Azərenerji” ASC-yə satışına görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 604,5 mln. manatdan çox vəsait alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr üzrə nümayəndəsi İbrahim Əhmədov məlumat verib.
"SOCAR “Ümid”, “Qarabağ” və “Babək” yataqlarında quyuların qazılması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan 663,2 mln. manat məbləğində vəsaitin 442 mln. manatını artıq alıb", - deyə o bildirib.
Bundan başqa, şirkətə dövlət büdcəsindən ayrılan 300 mln. manat məbləğində subsidiyanın 162,5 mln. manatı da alınıb. «Bu vəsaitlər idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsinə yönəldilib.
Xəbər verildiyi kimi, Azərbaycan parlamenti yayda 2018-ci il dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklərə əsasən, SOCAR-a 963,2 mln. manat məbləğində vəsait ayrılacaq.
SOCAR tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “Babək” yataqları) üzrə qazma işlərinin aparılması məqsədi ilə dövlət dəstəyi olaraq SOCAR-ın nizamnamə kapitalının artırılması üçün 663,2 mln. manat və idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün şirkətə 300 mln. manat ayrılacaq.