Sənaye

SOCAR “Merkuri” neft-kimya kompleksinin tikintisinə başlayacaq

“SOCAR Turkiye Enerji” şirkəti 2020-ci ilin sonunda Türkiyədə yeni neft-kimya kompleksinin tikintisinə başlamağı planlaşdırır.

Bu barədə şirkətin layihələr üzrə meneceri Emil Alxaslı məlumat verib.

““Merkuri” adlı layihə çərçivəsində 2020-ci ilin sonunda Türkiyədə yeni neft-kimya kompleksinin tikintisi üzrə EPC-podratçının (Engineering, procurement and construction) seçilməsi prosesi başa çatacaq və tikinti işlərinə start veriləcək. Müəssisənin 2023-cü ilin sonunadək istismara verilməsi planlaşdırılır", - deyə E.Alxaslı bu gün Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda bildirib.

 

O qeyd edib 2019-cu ilin may ayında kompleksin layihələndirilməsi üzrə işlərə (FEED) başlanılacaq və 2020-ci ilin II rübünədək davam edəcək.

"Kompleksdə tikinti işlərinin dəqiq dəyəri cari ilin sonunadək məlum olacaq", - deyə menecer vurğulayıb.

 

1,8 MİLYARD DOLLAR QİYMƏTLƏNDİRİLİR

Daha əvvəl “SOCAR Turkiye Enerji” şirkətinin rəhbəri Zaur Qəhrəmanova istinadən verilən məlumata görə, Türkiyədə yeni neft-kimya kompleksinin tikintisi 1,8 mlrd. dollar dəyərində qiymətləndirilir. O qeyd edib ki, kompleksin 2022-ci ilin sonunda istismara verilməsi nəzərdə tutulur.

Layihənin həyata keçirilməsi üçün Britaniyanın BP şirkəti ilə paritet əsaslarla birgə müəssisənin yaradılması planlaşdırır. Layihə üzrə yekun investisiya qərarı 2019-cu ilin sonunadək qəbul olunacaq.

Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirən şirkət, həmçinin daxili bazara qaz tədarük edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)