Qala divarlarının qarşısında restoran tikilir - RƏSMİ AÇIQLAMA
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Kiçik Qala küçəsində Qala divarlarının qarşısındakı tikinti işləri bağlı yayılan məlumatlara aydınlıq gətirib.
"Businessinsider.az" xəbər verir ki, qurum açıqlamada ötən ilin sonundan etibarən abidələrə heç bir zərər yetirməyən kafe-terrasların genişləndirilməsi layihəsinin həyata keçirildiyini bildirib.
Qeyd olunub ki, layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur:
“Bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız İdarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir.
Qeyd edək ki, həmin layihəyə aid məlumatlar 2018-ci ilin noyabr ayından etibarən İdarənin rəsmi veb-səhifəsində mövcuddur”.