SOCAR-GPC kompleksinin inşasına başlanması planlaşdırılır - TARİX
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində inşa etməyi planlaşdırdığı qaz emalı və polimer kompleksi - SOCAR-GPC-nin inşasına 2020-ci ilin I rübünün sonunda başlanılması planlaşdırılır.
"Businessinsider.az" xəbər verir ki, bunu Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda "SOCAR Polymer" MMC-nin maliyyə direktoru Rauf Quliyev bildirib.
Onun sözlərinə görə, layihənin yekun investisiya qərarının bu ilin IV rübündə qəbul olunması gözlənilir.
Şirkətin maliyyə direktoru SOCAR-GPC kompleksinin 2023-cü ilin III rübündə istismara verilməsinin planlaşdırıldığını qeyd edib:
"Hazırda maliyələşmə ilə bağlı danışıqlar davam edir. Layihə üçün FEED (Front End Engineering Design - ilkin detallı qiymətləndirmə),geotexniki və topoqrafik işlər və digər işlər yekunlaşıb, 250 hektar torpaq ayrılıb.Məhsullar üçün Türkiyə,İran, Mərkəzi və Qərbi Avropa, Çin, Rusiya və digər ölkələr ixrac bazarları olaraq nəzərdə tutulub".
Onun sözlərinə görə, layihədən ildə 1 mlrd.dollar gəlir əldə olunması proqnozlaşdırılır.
Qeyd edək ki, SOCAR-GPC qaz emalı və polimer zavodlarından ibarət olacaq. Qaz Emalı Zavodunun illik gücü 10mlrd. kubmetr həcmində (təmizlənmiş 9,1 mlrd.kubmetr) nəzərdə tutulub. Kompleksdə həmçinin ildə 600 min ton aşağı və yüksək sıxlıqlı polietilen, 130min ton propilen, 42 min ton benzol, 25min ton benzin istehsalı nəzərdə tutulur. Bundan başqa, daxili istifadə üçün ildə 32min ton buten - 1,21 min ton heksen - 1istehsalı planlaşdırılır. Yeni müəssisədə “Technip”, “Axens”, “Sinopec Tech” və “Univation” şirkətlərinin texnologiyalarından istifadə ediləcək.