Rəsmi

"Maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq" - SAKİNLƏRLƏ SÖHBƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında olarkən burada istirahət edən sakinlərlə görüşüb söhbət ediblər.

"BI" həmin söhbəti təqdim edir:

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Sakinlər Zenfira Həsənova və Sübhanə Bayramova: Salam. Çox sağ olun, minnətdarıq. Allah köməyiniz olsun. Allah Sizi var eləsin. Hər şey üçün Sizə təşəkkür edirik, var olun. Bu abadlıq işlərinə, bu gözəlliklərə görə Sizə minnətdarıq. Allah canınızı sağ eləsin. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Bu park indi yeni görkəm alıb, tamamilə yenidən qurulub. Bu parkın böyük tarixi var. Əvvəlki görünüşünün şəkilləri orada vurulub və əlbəttə ki, vəziyyət o qədər də ürəkaçan deyildi. İndi isə çox müasir, gözəl park salınıb və vətəndaşların sərəncamına verilib.

Sübhanə Bayramova: Çox sağ olun. Nəinki bu parkımız, Azərbaycanımız gözəlləşib. Bütün respublikamızda doğrudan da aparılan islahatları görməmək mümkün deyil, o cümlədən Suraxanı rayonunda da. Son illərdə biz bunu görürük, çox təşəkkür edirik. Çox sağ olun, var olun.

Birinci xanım Mehriban Əliyeva: Gəlin, bu balaca gözəl oğlanlarla şəkil çəkdirək.

Prezident İlham Əliyev: Parklar şəhərimizin hər bir yerində salınır, o cümlədən qəsəbələrdə. Hesab edirəm ki, Bakı parkların sayına görə dünyada lider şəhərlərdən biridir. Bakıda gözəl, müasir parklar salınır, əvvəldən salınmış parklar yenidən bərpa olunur və o cümlədən qəsəbələrdə. Burada indi belə gözəl şərait yaradılıb ki, vətəndaşlar istirahət etsinlər.

Sübhanə Bayramova: Qeyd etmək istəyirəm ki, tək parklar yox, ümumiyyətlə təhsil, səhiyyə müəssisələri yenidən qurulur, müasir avadanlıqla təchiz edilir, məhəlləarası yollar təmir olunur, işıqlandırılır, su hövzələri bərpa edilir. Doğrudan da Sizin sərəncamlarınız əsasında çox böyük islahatlar gedir. Biz Sizə çox təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun. Rayonda, qəsəbədə təsərrüfat işləri necə gedir?

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov: Cənab Prezident, işlər çox yaxşı gedir. Bu gün artıq rayonun hər yerində, həmçinin Qaraçuxurda qaz, su, işıq problemləri yoxdur, hamısı gözəldir.

Prezident İlham Əliyev: Fasiləsiz?

Sakinlər: Bəli, çox gözəldir.

İlqar Abbasov: Rayonumuzun əhalisinin 40 faizi fasiləsiz su ilə təmin olunur. Hövsan Sizin həmişə diqqətinizdə olan ərazidir. Qaraçuxurda da əhali 40 faiz təmin olunur.

Prezident İlham Əliyev: Qaz 100 faiz?

İlqar Abbasov: Qaz da, işıq da 100 faizdir.

Sakinlər: Bəli, heç bir problemimiz yoxdur.

İlqar Abbasov: Su digər qrafiklə, amma sıx qrafiklə verilir. Heç bir çətinlik çəkilmir. Bir tək bir az kanalizasiya işlərimiz var ki, sağ olun, o da təsdiq etdiyiniz proqramda nəzərdə tutulub.

Prezident İlham Əliyev: Əlavə hansı işlər görülməlidir?

İlqar Abbasov: Qeyd edək ki, kanalizasiya şəbəkəsinin qurulması və asfalt vurulması rayonun tamamilə abadlaşdırılmasına gətirib çıxarır, heç bir problem qalmır.

Birinci xanım Mehriban Əliyeva: Məktəblərdə vəziyyət necədir?

İlqar Abbasov: Məktəblər. Rayonumuzdakı 35 məktəbin 30-u əsaslı təmir olunubdur, üçü qəzalı vəziyyətdədir, onlar bu il sökülüb yenidən tikiləcək, artıq proqramda var, ikisi əsaslı təmir olunacaqdır. Uşaq bağçalarımızın demək olar ki, hamısı təmir olunub, bir neçəsində qaçqın və məcburi köçkünlər yaşadığı üçün onlar köçürüldükdən sonra təmirinə başlanılacaq. Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq yeni uşaq bağçasının tikintisini davam etdiririk, yaxın zamanlarda bu barədə məlumat verəcəyəm. Bundan başqa, Yeni Günəşlidə Sizin tapşırığınızla hazırlanan layihə əsasında gözəl bir parkın, Fatimeyi Zəhra məscidinin tikintisi davam edir. Onun ətrafında da yeni bir park salınacaqdır. Bu yaxınlarda Qaraçuxurda daha bir parkın təmirinə başlayacağıq. Beləliklə, demək olar ki, rayonumuzun bütün problemləri həll edilmiş olur.

Sakinlər: Hər şey üçün çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirik sizi, çox sağ olun.

Zenfira Həsənova: Çox sağ olun. Bir də onu demək istəyirəm ki, son üç ayda verdiyiniz fərmanlara görə Sizə çox təşəkkür edirik. Orada pensiyaları, maaşları və ən əsası da kredit problemini nəzərə almısınız. Buna görə də Sizə çox təşəkkür edirik. Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Doğrudan da böyük işlərdir. Çünki Azərbaycanda bu məsələ elə səviyyədə həll olunur ki, bunun dünyada bənzəri yoxdur. Çünki bilirsiniz, bir çox ölkələrdə bu problem mövcuddur. Ölkələr və ölkə rəhbərlikləri çalışırdı bu problemi həll etsin, bəzi hallarda qərarlar qəbul edildi, icra olunmadı, bəzi hallarda hələ də müzakirələr gedir. Ancaq biz çox ciddi qərar qəbul etdik və bu, vətəndaşların maraqlarını maksimum nəzərə alan qərar oldu. Təqribən 800 minə yaxın insan bu Fərmandan faydalanacaq. O cümlədən minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz qaldırılması da önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz. Çünki bizdə maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq. Müvafiq göstəriş verildi. İndi hökumətdə iş aparılır, müvafiq nazirliklərə göstəriş verilib. İndi bizim maliyyə imkanlarımız artıb. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirib. Artıq bu ilin əvvəlindən büdcəyə kifayət qədər böyük məbləğ daxil oldu və yığılan əlavə büdcə gəlirləri mənim göstərişimlə, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir, o cümlədən maaşların, pensiyaların qaldırılmasına. Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik və aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi, burada da sosial müavinətlər orta hesabla iki dəfə artırılıb və 600 minə yaxın insan bu proqramla əhatə olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Minimum əməkhaqqı, minimum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar.

Sakinlər: Sağ olun. Təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)