Azərbaycanda lombardlar nəzarətə götürüləcək – HÖKUMƏTƏ TƏKLİF VERİLDİ
Azərbaycanda fəaliyyət göstərən lombard təşkilatlarının fəaliyyəti hazırda heç bir orqan tərəfindən tənzimlənmir və sahəni əhatə edən normativ hüquqi aktlar mövcud deyil. "BI" xəbər verir ki, bu barədə beynəlxalq təşkilatların Azərbaycan hökumətinə ünvanlanan təkliflərində bildirilir.
Təkliflərdən məlum olur ki, lombardların fəaliyyəti heç bir qurum tərəfindən tənzimlənmədiyinə görə, onlar maliyyə bazarında problemlər yaradırlar. Belə ki, lombardlar kredit verdikləri şəxslər haqqında kredit reyestrinə heç bir məlumat vermirlər, üstəlik burada kreditlər yüksək faizlərlə - illik 48-83% ilə təqdim edilir.
Təkliflərdə o da bildirilir ki, hazırda ölkədə xarici valyutada istehlak/lombard kreditlərinin verilməsi qadağan olmasına baxmayaraq, qeyd olunan təşkilatlar tərəfindən aktiv şəkildə xarici valyutada kreditlər verilir və bu da müştərilər üçün valyuta riskləri yaradır.
Lombardlardakı digər mühüm pozuntu odur ki,burada müştərilərin borc yükü artırılır, ödənişlər gecikdikdə isə, girov olan qızıl əşyaları birtərəfli qaydada məhkəmədənkənar üsulla satılır.
Ona görə də, hökumətə təklif edilir ki, qeyd olunan təşkilatların fəaliyyətini tənzimləyən səlahiyyətli orqan və normativ tələblər müəyyən olunsun.
Eləcə də lombardların fəaliyyəti ilə bağlı sərt tələblər müəyyən edilsin. O cümlədən "Lombardlara olan tələb və nəzarət mexanizmləri bank və bank olmayan kredit təşkilatlarına (bundan sonra “BOKT”) olan tələblərə ən azı bərabər olmalıdır".