Beynəlxalq Bankın aktivləri 0,7% artıb, əmanətlər isə 23% azalıb: HESABAT
“Azərbaycan Beynəlxalq Bankı” 2019-cu ilin birinci rübü üzrə maliyyə vəziyyətini açıqlayıb. BI göstəricilərə əsasən bank barədə aşağıdakı təhlili aparıb.
Aktivləri cüzi artıb
İlkin olaraq qeyd edək ki, maliyyə qurumları üçün əsas göstəricilərdən biri olan aktivlərin həcmində artım davam edir, ancaq bu tendensiya ötən ildəki kimi yüksək tendensiyalı deyil. Rəqəmlə ifadə etsək, illik müqayisədə bankın aktivləri cəmi 0,7% artaraq 8 milyard 461 milyon 264 minmanata çatıb. Aktivlərin 2 milyard 652 min manatını, başqa sözlə 1/4 likvid aktivlər təşkil edir. Ötən bir ildə likvid aktivlərin həcmi 2,4 dəfə artıb. Aktivlərin 1 milyard 937 milyon 769 min manatını müştərilərə verilən kreditlər təşkil edir. Eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı” pulunun 3 milyard 310 milyon 780 min manatını başqa banklarda depozit kimi yerləşdirib, qiymətli kağızlara isə 1 milyard 191 milyon 575 min manat investisiya qoyulub.
Əmanətləri geri götürüblər
“Azərbaycan Beynəlxalq Bankı”nın 2018-ci ilin yanvar-mart ayında cəmi öhdəlikləri illik müqayisədə 145 milyon manatdan çox azalaraq 7 milyard 162 milyon 517 min manata düşüb. Banklar və digər maliyyə institutlarının bu bankdakı vəsaitləri 2 milyard 61 milyon 679 min manat təşkil edib.
Fiziki şəxslərin tələbli depozitləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,2% azalaraq 385 milyon 628 min manata enib. Əvəzində hüquqi şəxslərin tələbli depoziti 30,6% artaraq 3 milyard 498 milyon 327 min manata yüksəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə hüquqi və fiziki şəxslərin müddətli depozitlərinin həcmi illik müqayisədə 23% azalaraq 788 milyon 61 min manat olub.
“Azərbaycan Beynəlxalq Bankı”nın 2018-ci 31 mart tarixinə cəmi kapitalı 1 milyard 298 milyon 747 min manatdır.
Bankın mənfəəti 9 milyon manat azalıb
“Azərbaycan Beynəlxalq Bankı”nın 2019-cu ilin birinci rübündə əməliyyat mənfəəti illik müqayisədə 12,8% artaraq 85 milyon 155 min manat olub.
Bankın mənfəət və zərər hesabatına əsasən, cari ilin birinci rübündə faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon manat yaxın azalaraq 108 milyon 662 min manat, faiz xərcləri isə 8 milyon manatdan çox azalaraq 23 milyon 408 min manat təşkil edib. Lakin bankın qeyri- faiz gəlirləri illik mqayisədə 9 milyon manata yaxın artaraq 29 milyon 382 min manat, qeyri- faiz xərcləridə həmçinin 5 milyon manat artaraq 29 milyon 481 min manata çatıb.
45 milyon 190 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalardan azad olduğundan bank, hazırki rübü 130 milyon 345 min manat xalis mənfəətlə başa vurub. Halbuki, bank 2018-ci ilin yanvar-mart aylarını 139 milyon 895 min manat xalis mənfəətlə başa vurmuşdu. Belə çıxır ki, bank 45 milyon manatı ehtiyatlardan götürməsəydi, mənfəət 84 milyon manat olacaqdı. Bununla belə, qeyd etmək lazımdır ki, 2016-cı ildə dövlət dəstəyi alandan sonra bankın mənfəət göstəriciləri yüksəlib və bu tendensiya qismən aşağı düşsə də Azərbaycan Beynəlxalq bankı öz qazancına görə ölkənin bank sektorunda ön sıralarda dayanır.