Bu il Gəncə Avtomobil Zavodu 333 texnika istehsal edib
Bu ilin birinci rübündə Gəncə Avtomobil Zavodunda 333 texnika istehsal olunub. Bunlardan 331-i müxtəlif model traktorlar, biri MAZ markalı qoşqulu, biri isə “KamAz” markalı avtomobildir.
Bu barədə müəssisənin mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov məlumat verib.
Bildirilib ki, 2004-cü ilin dekabrından bəri, ümumilikdə, 11 modeldə 10 min 411 ədəd traktor, 143 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu texnikalardan 9687-si dövlət sifarişi əsasında "Aqrolizinq" ASC-yə, 724-ü isə fermerlərə və iş adamlarına satılıb.
Ötən illərdə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində 8 modeldə, müxtəlif modifikasiyalarda 2864 ədəd MAZ avtomobili istehsal olunub. Bu avtomobillərin yığımının 30-40 faizini yerli istehsal təşkil edib. Həmçinin 852 traktor, 330 MAZ qoşqusu və 3202 asma avadanlıq istehsal olunub, 208 ədəd “KamAz” markalı yük avtomobili və 411 URAL avtomobili istehsal edilərək təyinatı üzrə istifadəyə verilib.