"Dünyada neft və qaz qiymətlərinin formalaşmasında ABŞ mühüm rol oynayacaq"
Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol verdiyi açıqlamada, ABŞ-ın son 10 ildə neft və qaz hasilatını çox sürətli şəkildə artıraraq dünyada bir nömrəli istehsalçıya çevrildiyini söyləyib.
"Businessinsider.az" xəbər verir ki, indi ikinci mərhələnin başladığını bildirən Birol, ABŞ-ın neft hasilatını artırması ilə 5 il ərzində dünyanın ən böyük neft və təbii qaz ixracatçısına çevriləcəyini qeyd edib.
Birol, ABŞ-ın dünyadakı enerji qiymətlərinin formalaşmasında da mühüm rol oynayacağını deyib:
"OPEC və Rusiyanın yaratdığı bir qrup var. Bu qrup, istehsalı məhdudlaşdıraraq qiymətlərin qalxmasını istəyir. Çünki iqtisadiyyatları neftə bağlıdır. ABŞ neft hasilatını və təbii qazı artırdığı üçün artıq bu addımlar effektiv işləməməyə başlayıb. Bütün səylərə baxmayaraq, qiymətlər mülayim şəkildə qalır. Hətta təbii qaz qiymətlərində aşağıya doğru bir təzyiq var. Əgər Venesuela və İranda olanlar bundan 10 il əvvəl baş versəydi, istehsal bu qədər düşmüş olsaydı, qiymətlər "tavana" çıxardı, amma əlavə neft və qaz hasilatı yarandığı üçün qiymətlər ağlabatan səviyyələrdədir. Bu ssenari qarşıdakı illərdə də davam edəcək, qiymətlər məqbul səviyyədə qalacaq".