Sənaye

2022-ci ilədək artacaq, 2028-dən isə azalacaq - AZƏRBAYCANDA NEFT HASİLATI

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2022-ci ilədək Azərbaycanda neft hasilatının artacağını gözləyir.

Bunu agentliyin nümayəndəsi Dmitri Marinçenko deyib.

"Hesab edirik ki, Azərbaycanda neft hasilatı kondensat hasilatının artması hesabına 2022-ci ilədək artacaq. Lakin 2028-ci ilə qədər hasilat tədricən azalacaq", - deyə o, “Fitch”in bu gün Bakıda keçirilən Azərbaycan üzrə illik konfransında bildirib.

Bütövlükdə, agentlik 2022-ci ilədək Azərbaycanda gündəlik neft və kondensat hasilatının 880 min barelə çatacağını, 2028-ci ilə qədər isə tədricən 860-870 min barelədək azalacağını gözləyir.

Onun sözlərinə görə, 2019-cu ildən Azərbaycanda qaz hasilatı "Şahdəniz" yatağının işlənməsi üzrə “Mərhələ-2” hesabına artacaq. Ölkədə qaz hasilatı 2026-cı ilədək sabit səviyyədə qalacaq.

Dövlət tatistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda 38,758 mln. ton neft hasil olunub. Energetika Nazirliyinin proqnozlarına görə, 2019-cu ildə ölkədə neft hasilatı 37 mln. 989,8 min ton həcmində proqnozlaşdırılır.

Hökumətin qiymətləndirmələrinə görə, 2020-2021-ci illərdə 39 mln. tondan çox neft hasil olunacaq.

Hökumət 2023-cü ilə qədər Azərbaycanda qaz hasilatının 2018-ci ildə qeydə alınmış 30,6 mlrd. kubmetrə qarşı 45 mlrd. kubmetrə çatacağını proqnozlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)