"Rusiya Azərbaycanın qeyri- neft məhsulları üzrə əsas alıcısıdır"
"Azərbaycan və Rusiya prezidentləri 6 dəfə görüşüblər. Rusiya Azərbaycanın qeyri- neft məhsulları üzrə əsas alıcısıdır".
"Businessinsider.az" xəbər verir ki, bu sözləri Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev Rusiya-Azərbaycan Əməkdaşlıq Forumunda bildirib. Onun sözlərinə görə, bu gün bir neçə sənəd imzalanıb. Azərbaycan Rusiya ilə kimya, neft-qaz əczaçılıq, maşınqayırma sənayesi üzrə əməkdaşlıq edir.
O bildirib ki, hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, İKT, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 700 -ə yaxın Rusiya kapitallı müəssisə fəaliyyət göstərir :"Bu günə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 4,4 mlrd. dollar investisiya yatırıb. Azərbaycana Rusiyanın yatırdığı investisiyaların həcmi 1,2 mlrd. dollardan çoxdur. 2018 -ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 %-ə qədər artaraq 2, 55 mlrd. dollar təşkil edib. Artım tendensiyası bu ildə davam edib. Bu ilin iki ayında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 4% artaraq 340 mln dollar olub".
Forum çərçivəsində Sumqayıt Texnologiyalar Parkı ilə "Rostselmaş' kombayn zavodu arasında əməkdaşlıq və münasibətlərin təşkili sazişi, "AzOkso" ilə "Servicelnest" arasında hasarlara sistemlərinin qurulmasına dair Anlaşma Memorandumu, "AzOkso" ilə Avtomobil Yolları Dövlət Agentliyi arasında əməkdaşlığa dair saziş imzalanacaq.
Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov qeyd etdi ki, İki ölkə arasında isti və möhkəm iqtisadi əlaqələr mövcuddur. Sənaye korperasiya, ticarət sektorunda imkanlar daha genişdir və bu məqsədlə Rusiyadan Azərbaycana böyük bir nümayəndə heyəti gəlib. Sahibkarlar arasında birbaşa görüşlər olacaq.
Azərbaycan-Rusiya Əməkdaşlıq Təşkilatının rəhbəri Səməd Qurbanovun sözlərinə görə, ölkələrimiz arasında neft-maşınqayırması, kənd təsərrüfatı və digər sektorlar üzrə ciddi əməkdaşlıq əlaqələri var.
"Birgə müəssisələrin yaradılması və məhsulların üçüncü ölkələrə ixrac edilməsi əsas hədəflərdən biridir", deyə S.Qurbanov vurğulayıb.
Sonra qarşılıqlı əməkdaşlıqla bağlı bir neçə müqavilə imzalandı.