Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olundu
Ödəniş texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan Mastercard Şərqi Avropa regionunda yüksək səviyyəli təyinat həyata keçirib. Avşar Gürdal bu il sentyabrın 1-dən etibarən Mastercard Şərqi Avropa regionunun prezidenti vəzifəsinə başlayacaq.
A.Gürdal daha əvvəl Mastercard Türkiyə və Azərbaycan üzrə baş meneceri vəzifəsində çalışmışdı və daha sonra Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEMEA) regionu üzrə Strategiya, Birləşmə və Satınalmalar, Risk və Analitika üzrə baş vitse-prezidenti vəzifəsini icra edirdi.
Gürdal yeni vəzifəsində Mastercard-ın Şərqi Avropa regionunda biznes strategiyasının formalaşdırılması və həyata keçirilməsinə, regional inkişaf prioritetlərinin reallaşdırılmasına, müştərilər və biznes tərəfdaşları ilə əməkdaşlığın gücləndirilməsinə, eləcə də ödəniş texnologiyaları ekosistemində innovativ həllərin daha geniş tətbiqinə cavabdeh olacaq.
Avşar Gürdal kimdir?
Karyerasına Unilever-də başlayan Avşar Gürdal PRG və Value Partners şirkətlərində çalışdıqdan sonra 2015-ci ildə Mastercard Advisors-a qoşulub. 2016-cı ildə Mastercard-da Müştəri Münasibətlərinin İdarə Edilməsi üzrə direktor təyin olunan Gürdal 2019-cu ildə Mastercard Türkiyə üzrə vitse-prezident vəzifəsini icra etməyə başlayıb. 2022-ci ildə Mastercard Türkiyə və Azərbaycan üzrə baş menecer təyin olunan Gürdal daha sonra Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEMEA) regionu üzrə Strategiya, Birləşmə və Satınalmalar və Analitika üzrə baş vitse-prezident vəzifəsində çalışıb.
Gürdal Boğaziçi Universitetinin Maşın mühəndisliyi fakültəsinin məzunudur və Koç Universitetində MBA dərəcəsi alıb.


















