Birja

Neft artan tədarük fonunda ucuzlaşıb (31.07.2026)

Dünya bazarında neft qiymətləri Yaxın Şərqdə geosiyasi gərginliyin davam etməsinə baxmayaraq, əsas dəniz marşrutları üzrə tədarükün artması fonunda geriləyib. Bununla belə, qiymətlər iyul ayını güclü artımla başa vurmağa hazırlaşır.

Məlumata görə, Brent markalı neftin sentyabr fyuçersləri 1,2% ucuzlaşaraq bir barel üçün 88 ABŞ dollarına, WTI markalı ABŞ xam nefti isə 1,8% və ya 1,50 ABŞ dolları azalaraq 82,09 ABŞ dollarına düşüb. Buna baxmayaraq, hər iki etalon markanın iyul ayı üzrə təxminən 20% bahalaşacağı gözlənilir.

ING bankının analitiki Daniel Hayns bildirib ki, Yaxın Şərqdə artan geosiyasi risklər Hörmüz boğazından neft axınının artmasına dair siqnallarla tarazlaşdırılır. Onun sözlərinə görə, bu amil bazarda qiymətlərə yüksəldici təzyiqi zəiflədib.

Qlobal xam neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən beşdə biri Hörmüz boğazından keçir. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra bu marşrut enerji bazarlarının əsas diqqət mərkəzində qalır.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı Bab əl-Məndəb boğazı, Qırmızı dənizƏdən körfəzində təhlükəsizliyin gücləndirilməsi məqsədilə çoxtərəfli dəniz təhlükəsizliyi koalisiyası yaratmağa çalışır. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bildirib ki, Cibuti, Misir, Pakistan, Sudan və Türkiyə də daxil olmaqla 14 ölkə bu təşəbbüsə dəstək verir. Digər tərəfdən, İranın dəstəklədiyi Yəmən husiləri Qırmızı dəniz marşrutu ilə neft ixracını hədəf alacaqlarını açıqlayıblar.

Phillip Nova şirkətinin analitiki Priyanka Saçdeva qeyd edib ki, Hörmüz boğazı və Qırmızı dənizdə tanker hərəkəti davam etsə də, təhlükəsizlik risklərinin artması daşınma və sığorta xərclərini yüksəldir. Onun sözlərinə görə, bu da neft qiymətlərində geosiyasi risk mükafatının yüksək qalmasına səbəb olur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)