FED ardıcıl beşinci iclasda faizlərə toxunmadı
ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul ayı üzrə iclasında əsas faiz dərəcəsini bazar gözləntilərinə uyğun olaraq dəyişməyərək 3,50%-3,75% intervalında saxlayıb. Bununla da tənzimləyici ardıcıl beşinci iclasda faiz dərəcəsinə toxunmayıb.
ENA.az xəbər verir ki, Federal Açıq Bazar Komitəsinin (FOMC) qərarı 9 lehinə, 3 əleyhinə səslə qəbul edilib. Dallas FED-in prezidenti Lorie Loqan, Klivlend FED-in prezidenti Bet Hammak və Minneapolis FED-in prezidenti Nil Kaşkari faiz dərəcəsinin 25 baza bəndi artırılmasının tərəfdarı olublar. Bu, 2016-cı ildən bəri pul siyasəti ilə bağlı eyni istiqamətdə üç fərqli səsin verildiyi ilk iclas olub.
FED-in yaydığı bəyanatda qiymət sabitliyinin təmin edilməsinin əsas prioritet olaraq qaldığı vurğulanıb. Qurum inflyasiyanın hələ də hədəf səviyyədən yüksək olduğunu qeyd edərək, gələcək qərarların daxil olan iqtisadi göstəricilər əsasında veriləcəyini bildirib.
İclasdan sonra keçirilən mətbuat konfransında FED sədri Kevin Warsh inflyasiyanın 2%-lik hədəfə qaytarılması istiqamətində qətiyyətli olduqlarını bildirib. Onun sözlərinə görə, qiymət artımlarının davamlı şəkildə azalması vaxt tələb edəcək və bazar iştirakçılarının gözləntiləri FED-in qərarlarına təsir göstərməyəcək.
Analitiklərin fikrincə, qərarın özündən daha çox FOMC üzvləri arasında fikir ayrılığının artması bazarlar üçün mühüm siqnaldır. Bu, inflyasiya təzyiqlərinin davam edəcəyi təqdirdə FED-in qarşıdakı iclaslarda daha sərt pul siyasətinə qayıda biləcəyinə dair gözləntiləri gücləndirib.


















