AMB "Tiko Azərbaycan"a icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı “Tiko Azərbaycan” MMC-yə icrası məcburi olan göstəriş verib.
ENA.az xəbər verir ki, buna səbəb Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndi ilə nəzərdə tutulan məcmu kapitalın minimum miqdarına dair tələbin pozulması olub.
Məlumata görə, Mərkəzi Bank “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddəsini rəhbər tutaraq, pozuntunun aradan qaldırılması, həmçinin şirkətdə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi məqsədilə “Tiko Azərbaycan” MMC-yə icrası məcburi olan göstəriş verib.
Maraqlıdır ki, şirkətin nizamnamə kapitalı 1,1 milyon manat təşkil edir və minimal tələb isə 750 min manatdır. Böyük ehtimal iki il ərzində ard-arda zərər etməsi məcmu kapitalı aşağı salıb.
Qeyd edək ki, “Tiko Azərbaycan” MMC-yə elektron pul təşkilatı lisenziyası 10 dekabr 2024-cü il tarixində verilib. Şirkət ödəniş əməliyyatlarının ekvayrinqi, elektron pulun emissiyası və elektron pul vasitəsilə ödəniş əməliyyatlarının həyata keçirilməsi sahəsində fəaliyyət göstərir.
Şirkət 25 noyabr 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin direktoru Mustafa Cenk Abacdır.

















