Çin ABŞ-ın yeni rüsumlarına qarşı tədbir görəcəyini açıqladı
Çin hökuməti ABŞ-ın bəzi Çin məhsullarına əlavə gömrük rüsumları tətbiq etmək qərarını kəskin tənqid edərək, bu addımın iki ölkə arasında əldə olunmuş ticarət razılaşmalarının ruhuna zidd olduğunu bildirib.
Çinin Ticarət Nazirliyinin yaydığı bəyanatda qeyd olunub ki, Vaşinqtonun yeni tarif qərarı normal ticarət əlaqələrinə zərbə vurur və qlobal təchizat zəncirlərinin sabitliyini risk altına salır. Rəsmi Pekin ABŞ-ı birtərəfli məhdudiyyətlərdən imtina etməyə və mövcud iqtisadi-ticarət dialoqunu davam etdirməyə çağırıb.
Bəyanatda vurğulanıb ki, Çin öz şirkətlərinin qanuni hüquq və maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcək. Bununla yanaşı, Pekin qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın davam etdirilməsinin hər iki ölkənin və qlobal iqtisadiyyatın maraqlarına uyğun olduğunu bildirib.
Analitiklərin fikrincə, ABŞ-ın yeni tarif qərarı dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət münasibətlərində gərginliyi yenidən artıra bilər. Bu isə qlobal bazarlarda qeyri-müəyyənliyin yüksəlməsinə və beynəlxalq ticarət axınlarına mənfi təsir göstərə bilər.















