«Azərbaycanda 100-150 nəfərin əlində - 2,5 MLRD. MANAT SƏRVƏT VAR»
Azərbaycanda açıqlanan rəsmi statistik göstəricilər və əhalinin sərfəti haqqında məlumatlar bəzi hallarda reallığı əks etdirmir və ziddiyyətli məlumatlar verir.
"BI" xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, bəzi statistik göstəricilərin yarımçıqlığı ölkədəki iqtisadi situasiyanı real qiymətləndirməyə imkan vermir.
İqtisadçı bildirir:
"İqtisadi islahatlar üçün təməl dəyişikliklərin bir həlqəsi də statistikadır.
İslahatların son məqsədi cəmiyyəti inkişafdan saxlayan gerçək problemləri həll etməkdir. Gerçək problemləri öyrənmək üçün ilk mənbə isə rəsmi statistika olmalıdır.
Əgər bir ölkənin statistikası göstəririsə ki, ən yoxsul 10% və ən zəngin 10% əhali qrupunun əsas qida məhsulları (ət, meyvə və s.) istehlakı arasında fərq ən yaxşı halda 10% təşkil edir, nəticəni özünüz çıxarın.
Onlarla ziddiyyətli məlumatlar saymaq olar. Məsələn, mlli hesablar sistemi göstərir ki, 2015-2016-cı illərdə iqtisadi böhranın dərinləşməsi, yüksək inflyasiya şəraitində istehlak xərclərinin gəlirləri üstələməsi nəticəsində ev təsərüfatları nəinki qənaət hesabına yığıma nail olublar. Əksinə 2 il davamlı olaraq ev təsərrüfatlarının büdcəsində defisit yaranıb və onlar bu kəsiri əvvəlki illərin yığımları (əmanətləri, yastıqaltı pullar, əmlak satışı, yaxınlarına verilən borcların geri qaytarılması və s.) qapaya biliblər.
Amma başqa bir statistik bölmədə - ev təsərrüfatlarının gəlir və xərclərinə aid hissədə qeyd edilir ki, əhalinin 2015 və 2016-cı illərdə gəlirləri istehlak xərclərini (həmçinin icbari öhdəliklərini) üstələdiyi üçün hər il orta hesabla 5-6 mlrd. manat qənaət formalaşıb.
İndi eyni mənbəyə aid olan bu statistikanın hansına inanmağı məsləhət görürlər?
Çoxlu sayda toplanmayan, ictimailəşdirilməyən məlumatlar var. Məsələn, iqtisadiyyatda hər bir institusional vahid (maliyyə və qeyri-maliyyə, habelə özəl biznes, dövlət sektoru və ev təsərrüfatı) üzrə qənaətlər, maliyyə və qeyri-maliyyə aktivləri üzrə yığımlar nə qədərdir?
Beynəlxalq metodolgoyaya əsasən milli hesablar sistemi milli sərvət statistikası ilə yekunlaşmalıdır. Azərbaycanda milli sərvət, onun strukturu, özəl və dövlət sektoru, ev təsərrüfatları üzrə bölgüsü yoxdur.
İnvestisiyaların maliyyə və qeyri-maliyyə alətləri üzrə dəqiq bölgüsünün açıqlanmaması da ciddi bir problemdir.
Yeri gəlmişkən, 2019-cu ildə vergi və sosial sığorta qanunvericiliyinə ciddi dəyişiklik edildi. Rəsmi arqument də bu oldu ki, ölkədə böyük həcmdə qeyri-leqal biznes dövriyyəsi, gizli əmək dövrriyyəsi var, onları leqallaşdırmağa ehtiyac var. Amma rəsmi statistika bunların hətta izlərini belə göstərə bilmir. Məsələn, rəsmi məlumata görə bu gün Azərbaycanda ən yoxsul 20 % və ən zəngin 20% əhali qrupunun gəlirləri arasında fərq təxminən 2 dəfədir. Vergi orqanlarının "ölkədə böyük miqyasda gizli biznes dövriyyəsi var" deməsi fonunda bu rəqəm kimə inandırıcı gələr?
Təkcə bank sektorunun timsalında yerli özəl sektoru təmsil edən maksimum 100-150 nəfərin əlində 2.5 mlrd. manat leqal şəxsi kapital var. Yüksək dəyərə və gəlirliliyə malik özəl tibb, turizm-otel, idman-sağlamlıq, pullu təhsil, restoran-ticarət şəbəkələrinin əhalinin maksimum ən varlı 10%-nə mənsub olduğu ölkədə varlı və yoxsulların gəlirləri arasında fərq Statkom-un dediyi qədər ola bilərmi?
Statistika kökündən islah edilməlidir.
Yeri gəlmişkən, son aylarda Rusiyada Mərkəzi Bank və Maliyyə Nazirliyi mill statistikanın etibarlılığının aşağı olmasından narahatlıqlarını aşkar dilə gətirdilər.
Bizim Mərkəzi Bankın, İslahatlar Mərkəzinin, İqtisadi İnişaf Nazirliyinin Statkom-un rəqəmlərindən razı qaldığına böyük şübhəm var..."