Sənaye

"AzerGold" elektrik xərclərini 50% azaltdı

“AzerGold” QSC istehsalatda əməliyyat proseslərinin optimallaşdırılmasını davam etdirir.

QSC-dən “BI”yə daxil olmuş məlumata görə, bu tədbirlər çərçivəsində Daşkəsən şəhərində yerləşən 110/35/6 kV-luq yarımstansiyadan Çovdar filiz emalı sahəsinə ümumi uzunluğu 8.9 km təşkil edən, 71 ədəd dayaqdan ibarət olan 35 kV-luq Elektrik Veriliş Xətti (EVX) çəkilib. Hava xəttində istifadə olunan AS 120 mm² naqilinin nominal yük götürmə qabiliyyəti 390 A-ə bərabərdir:

“Yeni xətt elektrik təchizatı xərclərini təxminən 50% azaltmaqla yanaşı, Çovdar yatağının yeraltı (sulfid) istismar mərhələsində elektrik enerjisinə artacaq tələbatı tam ödəmək qabiliyyətindədir. Bu günədək elektrik təchizatı üçün istifadə olunan generatorlar isə ehtiyat elektrik enerjisi mənbəyi kimi istifadə olunacaq”,- məlumatda bildirilir.

Qeyd edilib ki, “AzerGold” QSC bütün sahələr üzrə mütəmadi olaraq optimallaşdırma işləri həyata keçirir. Belə ki, ötən il ərzində aparılan optimallaşdırma işlərinin nəticəsi olaraq Çovdar filiz emalı sahəsində yerləşən qırma-ələmə sahəsinin filiz emal etmə gücü saatda 100-150 tondan 200-250 tona çatdırılıb. Eyni zamanda, müasir texnologiyaların tətbiqi və optimallaşdırma işlərinin nəticəsi olaraq kimyəvi reagentlərin istifadəsi 20-30% azaldılaraq, qızıl hasilatında 2017-ci ilə nisbətən 33% artıma nail olunub.      

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)