İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləri portfeli 12 %-ə yaxın böyüyüb
Cari ilin yanvarın 1-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin ümumi məbləği 2 milyard 546,01 milyon manata çatıb.
ENA.az bu barədə Fondun hesabatına istinadən xəbər verir. Bu göstərici 2025-ci il yanvarın 1-i ilə müqayisədə 11,8 % artıb.
Bu ilin yanvarın 1-nə Fond tərəfindən zəmanətlə təmin edilmiş ipoteka kreditlərinin ümumi sayı 1 490-a, qalıq məbləği isə 122,125 milyon manata bərabər olub. Bu rəqəmlər 2025-ci ilin yanvarın 1-nə nisbətən müvafiq qaydada 30,1 % və 39,1 % artım nümayiş etdirir.
Fondun maliyyə resursları hesabına təqdim olunan ipoteka kreditləri üzrə hər biri Azərbaycan ərazisində fəaliyyət göstərən 21 bank ilə baş saziş və xidmət müqaviləsi qüvvədə qalmaqdadır. Fond bu müvəkkil banklar ilə yenidən maliyyələşmə əməliyyatlarını həyata keçirməyə davam edir.
Qeyd edək ki, İKZF ölkə Prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı əsasında, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşdirilmə formasında yenidən təşkili yolu ilə fəaliyyətə başlayıb.

















