Bankların əmanətçiləri Prezidentdən sığortalanmamış əmanətlərin qaytarılmasını xahiş edirlər
Müflisləşmiş “Bank Standart”ın 30-a yaxın əmanətçisi martın 14-də Prezident Administrasiyasının binası qarşısında aksiya keçirib. Vətəndaşların əllərində “Bank Standart”dan onların maliyyə qoyuluşlarının qaytarılmasını tələb edən plakatlar, həmçinin prezidentlər Heydər Əliyev və İlham Əliyevin fotoları, prezident İ.Əliyevdən maliyyə vəsaitlərinin geri qaytarılmasını xahiş edən plakatlar olub. Polis plakatların yığışdırılmasını tələb edib, vətəndaşlar dağıdılmayıb. Etirazçılar KİV-ə müsahibə veriblər.
Vətəndaşlar Əmanətlərin Sığortalanması Fondu və Maliyyə Bazarlarına Nəzarət Palatasından prezidentə şikayət edirlər. Bu qurumlar vətəndaşların müraciətlərinə cavab olaraq qanunlardan sitatları əks etdirən formal cavablar göndəriblər. Müflişləşmiş bankda 45 minə yaxın yerli və xarici fiziki şəxsə məxsus 757 mln. manat qalıb.
Eləcə də bax: Məhkəmə qərarlarının icra haqqı azaldılsın – BANKLARDAN TƏKLİF
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə vətəndaşların qoyduqları vəsaitlərin qaytarılması Əmanətlərin Sığortalanması Fondu tərəfindən həyata keçirilir. Bank Fondda sığortalanmış pulların bir hissəsini qaytarıb. Qalan sığortalanmamış hissə qaytarılmayıb. Vətəndaşlar prezidentdən bu problemin həllinə müdaxilə etməyi xahiş edirlər.
“Bank Standart”ın əmanətçiləri ikinci ildir ki, vəsaitin qaytarılması uğrunda mübarizə aparırlar.
Həmin gün “Royal” Bankın əmanətçiləri də Prezident Administrasiyasının qarşısına toplaşıblar. Onlar öz pullarını tələb edirlər. Əmanətçi Ramiz Sadıqov bildirib ki, Bakı Apellyasiya Məhkəməsi ona 20 min manatın qaytarılması barədə qərar çıxarıb, ancaq bank məhkəmə qərarını icra etməkdən yayınır.
Arzu Əsgərova isə deyib ki, “Bank Standart”ın bağlanma ərəfəsində başqa ölkədə mənzil satışından əldə etdiyi pulu bankdan götürmək istəyib. Lakin ona bildiriblər ki, bank “sağlamlaşdırma” üçün böyük məbləğdə vəsait alıb, odur ki, onun pulları batmayacaq. Ancaq “Bank Standart” bağlanıb. “Sağlamlaşdırma pulu” hara getdi? Biz aşağı məhkəmə instansiyalarından üç imtina aldıqdan sonra Ali Məhkəməyə şikayət verdik. Əgər ədalətə nail ola bilməsək Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik. Ancaq hadisənin belə inkişafı arzuedilən deyil”, – A.Əsgərova əlavə edib. Onun yaşamaq üçün vəsaiti yoxdur, işsizdir, bütün qızıllarını satıb, bundan gələn pula yaşayır. Banka qoyduğu pulu geri alacağına ümid edir.
Larisa Polejayevanın qızının İngiltərədə təhsil almaq üçün yığdığı 50 min dollar “Bank Standart”da “it-bata düşüb”.
“Məhkəmələr əmanətlərimizin sığortalanmadığını bəhanə gətirərək imtina edirlər. Biz günahkar deyilik ki, bank rəhbərliyi kreditləri sıfır faizlə verib. Əgər hesabda pulları yoxdursa binanı və digər əmlakı satsınlar, bizim pulumuzu versinlər”, -L. Polejayeva qeyd edib.
Prezident Administrasiyasının məsul məmuru vətəndaşların nümayəndələrini qəbul edib. O, bildirib ki, onlarla Azərbaycan bankının müştəriləri bu cür şikayətlərlə müraciət edirlər. “Şikayətlərə baxılır, əgər qərar qəbul ediləcəksə, bu, bütün bağlanmış bankların müştərilərinə şamil olunacaq”, -“Bank Standart”-ın keçmiş müştərisi Ayaz Məmmədov bir məmurun cavabını çatdırıb.