Bank

“Kapital Bank” investorlara illik 10 %-lik istiqraz təklif edir

"Kapital Bank" ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 100 milyon manat həcmində istiqraz yerləşdirməyə hazırlaşır.

ENA.az qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 100 manat olan 1 milyon ədəd adlı, faizli, sənədsiz və təminatsız istiqrazı əhatə edir.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 12 ay müddətində tədavüldə olacaq. Qiymətli kağızlar üzrə illik gəlirlilik 10 % təşkil edəcək, faiz ödənişləri isə aylıq qaydada həyata keçiriləcək.

Emissiyanın anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları əldə etmək istəyən investorlar BFB-nin üzvü olan digər investisiya şirkətləri vasitəsilə də müraciət edə bilərlər.

Prospektə əsasən, emitentin istiqrazları tədavül müddəti ərzində geri alması nəzərdə tutulmur.

Qeyd edək ki, "Kapital Bank" 2006-cı ildə fəaliyyətə başlayıb. Bankın nizamnamə kapitalı 265,85 milyon manat təşkil edir. Onun əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)