Nazir: "Əkinlərin 74 %-ni əhatə edən taxıl və yem bitkiləri aqrar istehsalın 11 %-ni təşkil edir"
Azərbaycanda əkin sahələrinin 74 %-ni taxıl və yem bitkiləri təşkil etsə də, onlar aqrar istehsalın cəmi 11 %-ni təşkil edir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda irəli gələn vəzifələr barədə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib.
"Yəni faktiki olaraq daha çox torpaq resursumuzu daha az dəyərli, daha az dəyər yaradan məhsullara ayırmışıq. Niderlandın ən çox idxal elədiyi iki dənə məhsul var. Biri taxıldır, digəri yem bitkiləridir. İsraildə də analoji vəziyyətdir. Bu ölkələrin torpaq sahəsi azdır. Buna görə də onlar hər bir kvadratmetrin, hər bir hektarın daha çox dəyər yaratma istiqamətində yol tuturlar. Bu ölkələr daha böyük dəyər yarada biləcək məhsulların istehsalına önəm verirlər", - o vurğulayıb.
Nazir əlavə edib ki, Azərbaycanda vəziyyət bir az fərqlidir: "Taxıl istehsalı bizim üçün strateji əhəmiyyətlidir, çünki bu, ən birinci növbədə bizim gündəlik həyat tərzimizin bir hissəsidir. Bundan imtina edə bilmərik. Buna görə, ərazilərimizin böyük hissəsi taxıl və yem bitkilərinin istehsalına ayrılıb. Bizim məqsədimiz məhsuldarlığın artırılmasıdır".
"Azərbaycanın aqrar iqtisadiyyatını səciyyələndirən məqamlardan biri tarixən daha çox sahənin əkinə cəlb olunması siyasəti idi. Bu, bir zamanlar daha çox iş yeri, daha çox imkanlar yaradırdı. Lakin zaman keçdikcə aqrar sahə tam özəl istiqamətə keçib. Yəni dövlət istehsalla, birbaşa ticarətlə məşğul deyil. Azərbaycanda bütün məhsulu tamamilə özəl sektor istehsal edir, emal edir. Buna görə özəl sektor məhsul proqramında ana xəttlərin birini tutur. Özəl sektor üçün vacib məqam mənfəətlilikdir. Biz daha çox sahəni əkməli deyilik, bir sahədən daha az resursla daha çox məhsul əldə eləməliyik. Odur ki, Dövlət Proqramının əsas məqsədi u transformasiyaya nail olmaqdır. İlk növbədə insanların zehnlərində bu dəyişikliyə nail olmalıyıq. Bu səbəbdəndir ki, son illərdə aqrar artım dinamikasının aşağı düşdüyünü görürük", - deyə M.Məmmədov vurğulayıb.


















