MALİYYƏ

Şəki-Zaqatalada 19 iş adamı 2,8 milyon manat güzəştli kredit aldı

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair martın 14-də Balakən rayonunda keçirilən növbəti işgüzar forumda Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 19 sahibkara 2,8 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən, sərinləşdirici içkilər və quru meyvə istehsalı, logistik mərkəzin yaradılması, heyvandarlıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80 iş yerinin açılması mümkün olacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan tütünçülük, baramaçılıq, arıçılıq, qərzəkli bağçılıq təsərrüfatlarının, tütünqurutma kameralarının və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və özəl bölmənin iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirlərinin sistemli və ardıcıl olaraq davam etdirildiyini vurğulayıb. Bildirilib ki, sahibkarlığın maliyyə resursları ilə təmin olunması əsas mexanizmlərdəndir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu fəaliyyət göstərdiyi dövrdə investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manatadək güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 165 mindən çox yeni iş yerinin açılması imkanı yaradıb. Sahib Məmmədov bu ilin ötən dövründə 130 sahibkara 15,7 milyon manat güzəştli kredit verildiyini, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılmasının 600-dək iş yerinin açılmasına imkan verdiyini qeyd edib, müvəkkil kredit təşkilatları və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Ümumilikdə, isə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 113,7 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Balakəndə dövlətin güzəştli krediti ayrılan meyvə emalı və quru meyvə istehsalı müəssisəsinə baxış keçirilib. Bu müəssisədə istehsal olunan məhsullar bir çox xarici ölkələrə, o cümlədən Rusiya, Ukrayna, Gürcüstan, Küveyt, İsrailə ixrac olunur. Yaxın vaxtlarda məhsulların ABŞ, BƏƏ, Belarus və Qazaxıstana ixracı nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)