Sosial

Azərbaycand korrupsiya ilə bağlı qanunlara yeni dəyişikliklər edilir

Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra qanunlara dəyişiklik edilməsi təklif olunur.

Məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Dəyişikliklər “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən son dəyişikliklərin icrası məqsədilə hazırlanıb.

Layihəyə əsasən, korrupsiya ilə bağlı məlumat verən şəxslərin hüquqlarının qorunması istiqamətində yeni mexanizmlər tətbiq ediləcək.

Belə ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, korrupsiya ilə bağlı məlumat vermiş şəxslərlə bağlı attestasiya prosesində səlahiyyətli struktur bölmə və ya məsul şəxs birbaşa və ya dolayı yolla iştirak etməməlidir. Bundan başqa, həmin şəxslərə qarşı qisas məqsədilə intizam tədbirlərinin tətbiq olunmadığını sübut etmək öhdəliyi işəgötürənin üzərinə düşəcək.

Dəyişikliklər “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” və “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanunları da əhatə edir.

Təklif olunan yeniliklərə görə, dövlət və bələdiyyə qulluqçularına qanunsuz hədiyyə və ya imtiyaz təqdim olunarsa, bu barədə birbaşa rəhbərə deyil, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə məlumat verilməlidir.

Həmçinin hədiyyələrin qəbul olunması və maraqlar toqquşması ilə bağlı qərarsızlıq yaranarsa, qulluqçular müvafiq səlahiyyətli struktur bölmənin rəyinə müraciət etməli olacaqlar.

Sənədin arayış hissəsində bildirilir ki, dəyişikliklər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq hazırlanıb və əsas məqsəd qanunvericiliyin təkmilləşdirilməsidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)