Azərbaycanda hibrid və elektrik avtomobillərinin bazar payı apreldə 9,5 %-ə yüksəlib
Bu ilin aprel ayında Azərbaycanın avtomobil bazarında qiymətlərin yüksəlməsi davam etsə də, əvvəlki aylarla müqayisədə artım sürətində yavaşlama qeydə alınıb.
Azərbaycan Qiymətləndircilər Palatasının hesabatına görə, 2025-ci ilin dekabr ayı baza dövrü olaraq götürülən indeks üzrə ümumi bazar göstəricisi aprel ayında 105,8 bəndə çataraq baza dövrünə nisbətən 5,8 %, mart ayına nisbətən isə 1,3 % yüksəlib. Bu nəticə bazarda yüksəliş meylinin qorunduğunu, lakin qiymət artımının daha sabitləşmə fazasına daxil olduğunu sübut edir.
Palatanın analitik qiymətləndirmələrinə əsasən, bazardakı əsas aparıcı qüvvə bu dəfə də ikinci əl avtomobillər seqmenti olub. İstifadə edilmiş avtomobillər üzrə indeks aprel ayında 108,2 bənd səviyyəsində qeydə alınıb ki, bu da dekabr ayına nisbətən 8,2 %, mart ayına nisbətən isə 2,1 % artıma uyğundur. Yeni avtomobillər seqmentində isə yüksəliş nisbətən aşağı olub. Yeni avtomobillər indeksi baza dövrünə nisbətən 3,5 %, mart ayına nisbətən isə 0,8 % artıb.
Araşdırmanın nəticələri göstərir ki, ölkə daxilində avtomobil bazarında orta qiymət yüksəlişi də öz axarını saxlayıb. Aprel ayında orta bazar qiyməti 30 min 480 manat səviyyəsinə qalxıb. Bu rəqəm 2025-ci ilin dekabr ayı ilə müqayisədə 9,2 %, mart ayı ilə müqayisədə isə 1,9 % çoxdur. Satış aktivliyi indeksində də artım müşahidə edilib. Bu göstərici aprel ayında 110,5 bəndə çataraq baza dövrünə görə 10,5 %, aylıq müqayisədə isə 1,7 % yüksəlib. Kredit vasitəsilə həyata keçirilən satışların payı da artaraq 48 %-ə çatıb. Bu göstərici dekabr ayına nisbətən 8 faiz bəndi, mart ayına nisbətən isə 1 faiz bəndi artımı ifadə edir.
Qiymət dinamikası baxımından ən qabarıq artım SUV tipli və ekonom sinif nəqliyyat vasitələrində müşahidə olunub. SUV və krossoverlərin orta bazar dəyəri aprel ayında 39 min 100 manata yüksələrək baza dövrünə nisbətən 11,1 %, mart ayına nisbətən isə 1,8 % artıb. Ekonom sinif avtomobillərdə isə qiymətlər dekabr ayına görə 10 %, aylıq müqayisədə isə 1,4 % bahalaşıb. Orta sinif nəqliyyat vasitələrində artım 7,6 %, premium seqmentdə isə 4,1 % səviyyəsində olub. Mütəxəssislər bunu istehlakçıların həm büdcəyə uyğun, həm də ailə istifadəsi üçün funksional avtomobillərə meyl göstərməsi ilə izah edirlər.
Hesabatda bazar strukturundakı dəyişikliklər də xüsusi diqqət çəkib. İkinci əl avtomobillərin bazardakı xüsusi çəkisi aprel ayında 72 %-ə qalxıb. Yeni avtomobillərin payı isə 28 % səviyyəsinə düşüb. Bunun başlıca səbəbi olaraq alıcıların daha qənaətcil variantlara üz tutması göstərilir. Paralel olaraq hibrid və elektrik mühərrikli avtomobillərin bazar payında əhəmiyyətli artım qeydə alınıb. Bu seqmentin payı dekabr ayında 5 % olduğu halda, aprel ayında 9,5 %-ə yüksəlib. Dizel yanacaqlı avtomobillərin payı isə 19 %-dən 16 %-ə geriləyib. Bu tendensiya avtomobil bazarında texnoloji keçid prosesinin sürətləndiyinə işarə edir.
AQP-nin təhlillərinə görə, istifadə olunmuş avtomobillərdə ən böyük dəyər itkisi ilk illərdə baş verir. Xüsusilə üçüncü ildə qiymət aşağı düşməsi daha kəskin formada özünü göstərir. Sonrakı dövrlərdə isə amortizasiya daha mülayim templə davam edir. Təhlillər göstərir ki, avtomobilin istismar müddəti artdıqca hər əlavə kilometrin bazar dəyərinə təsiri azalır.
Palata belə qənaətə gəlib ki, mövcud dinamika bazarda kəskin qiymət tullanmalarından fərqli olaraq, pilləli və sabit inkişaf modelinin formalaşdığını əks etdirir. Eyni zamanda, ikinci əl avtomobillərə olan yüksək tələbin davamlılığı və hibrid-elektrik nəqliyyat vasitələrinin bazar çəkisinin sürətlə böyüməsi yaxın aylarda da avtomobil bazarında dominant tendensiyalar olaraq qalacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası mütəmadi olaraq hər ay daşınmaz əmlak, avtomobil bazarı və tikinti sahəsi üzrə indeksləri açıqlayır.


















