Cavid Mirzəyev: "Son illər sektorda kredit risklərini rəqəmsal risklər əvəz edir"
Son illər Azərbaycanın bank sektorunda əsas risklər kredit riskləri deyil, rəqəmsal risklərdir.
"Kapital Bank" ASC-nin İdarə Heyəti sədrinin I müavini Cavid Mirzəyev Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") təşkilatçılığı ilə keçirilən "Maliyyə institutlarında risklərin idarə olunması" adlı tədbirdə bildirib ki, hazırda təmsil etdiyi bankın ən böyük investisiya etdiyi istiqamətlərdən biri texnoloji və kiber risklərin idarə edilməsidir:
"Əvvəllər "Kapital Bank" daha çox geniş filial şəbəkəsi ilə tanınırdı. Hazırda isə orta aylıq 500 min müştəri filiala yaxınlaşdığı halda, 3 milyondan artıq müştəri hər ay "Birbank" tətbiqində əməliyyat aparır. Aylıq əməliyyatların sayı isə 30 milyona çatır. Müştərilərin 80-90 %-i artıq rəqəmsal platformalarda fəaliyyət göstərir və əsas risklər də məhz bu sahədə formalaşır".
O, rəqəmsal riskləri bir neçə istiqamət üzrə təsnif edib: "Müştəri məlumatlarının qorunması ən vacib məsələlərdən biridir. Digər istiqamət isə dələduzluq riskləridir. Dələduzlar müştərilərin şəxsi məlumatlarını əldə edərək müxtəlif üsullarla vəsaitləri mənimsəməyə çalışırlar. Bank bu halların qarşısını almaq üçün proaktiv davranış əsaslı süni intellekt modellərindən istifadə edir".
Bank rəsmisinin sözlərinə görə, digər mühüm risk istiqaməti sistem dayanıqlılığıdır: "3-4 milyonluq müştəri bazası olan tətbiqin cəmi bir saat dayanması bütün ölkədə hiss olunur. İnsanlar metroya daxil olarkən, alış-veriş zamanı və yaxud ödəniş prosesində bunu dərhal hiss edirlər", - deyə o qeyd edib.
O əlavə edib ki, kredit risklərinin idarə olunması istiqamətində bank sektorunda artıq oturuşmuş mexanizmlər formalaşıb, lakin rəqəmsal risklər sahəsində hələ də yeni investisiyalara və əlavə həllərə ehtiyac var.

















