Bank

Əmanətlər istiqamətini dəyişir: banklarda “manat erası” yaşanır

Azərbaycanda depozit bazarı son illərdə yalnız həcminə görə deyil, struktur baxımından da ciddi transformasiya yaşayır. 2024–2026-cı illərin statistikası göstərir ki, bank sistemində yığımların istiqaməti dəyişir, manat depozitlərinə maraq artır və xüsusilə uzunmüddətli əmanətlər ön plana çıxır.

Depozit bazası böyüyür, amma dalğalanmalar qalır

2024-cü ilin əvvəlində 37,6 milyard manat olan ümumi depozit portfeli ilin sonunda 40,3 milyard manata yüksəlib. Bu, 2,68 milyard manatlıq və ya 7,1 faizlik artım deməkdir. Artımın əsas drayverləri kimi iqtisadi aktivliyin genişlənməsi, əhalinin gəlirlərinin artması və bank sektoruna etimadın güclənməsi göstərilir.

2025-ci ildə də müsbət dinamika davam edib və depozitlər 41,7 milyard manata çatıb. Bununla belə, 2026-cı ilin yanvarında göstərici 41,3 milyard manata enib. Ekspertlər bu azalməni daha çox mövsümi faktorlarla – ilin əvvəlində artan ödənişlər, vergi yükü və bayram xərcləri ilə izah edir.

Manat depozitləri bazarda dominant mövqeyini gücləndirir

Struktur dəyişikliklərin ən diqqətçəkən tərəfi manat depozitlərinin sürətli artımıdır. Tələb olunanadək manat depozitləri 2024-cü ildə 5,1 faiz artsa da, 2026-cı ilin əvvəlində kəskin – 12,3 faiz azalma qeydə alınıb. Bu eniş isə daha çox qısa müddətli likvidlik ehtiyacları ilə bağlıdır və sistemli trend kimi qiymətləndirilmir.

Əsas dönüş isə müddətli manat depozitlərində müşahidə olunur. 2024-cü ilin əvvəlində 7,24 milyard manat olan bu kateqoriya ilin sonunda 9,35 milyard manata yüksələrək 29,1 faiz artıb. 2025-ci ildə artım davam edib və portfel 10,99 milyard manata çatıb. 2026-cı ilin yanvarında isə bu göstərici 12,44 milyard manata yüksələrək cəmi bir ayda 13,2 faizlik sıçrayış nümayiş etdirib.

Bu dinamika təsadüfi deyil. Manat depozitləri üzrə yüksək faizlər, milli valyutanın sabitliyi, de-dollarizasiya siyasəti və əmanətlərin sığortalanması mexanizmi əhalini daha çox uzunmüddətli yığımlara yönəldir. Nəticədə banklar üçün daha sabit və proqnozlaşdırıla bilən resurs bazası formalaşır.

Xarici valyutada yığımların strukturu dəyişir

Xarici valyutada depozitlərdə isə fərqli mənzərə müşahidə olunur. Tələb olunanadək valyuta depozitləri 2024–2025-ci illərdə ardıcıl azalıb. 2024-cü ildə 4,1 faiz, 2025-ci ildə isə 18,5 faiz azalma qeydə alınıb. 2026-cı ilin əvvəlində müəyyən bərpa olsa da, bu daha çox qısamüddətli hərəkət kimi qiymətləndirilir.

Müddətli valyuta depozitləri isə daha stabil dinamika göstərir. 2024–2025-ci illərdə bu seqmentdə artım qeydə alınsa da, 2026-cı ilin əvvəlində cüzi azalma müşahidə olunub. Bu tendensiya investorların bir hissəsinin vəsaitlərini alternativ alətlərə və ya manat aktivlərinə yönəltməsi ilə izah edilir.

Üç əsas trend formalaşır

Mövcud statistik göstəricilər bank sektorunda üç əsas istiqaməti aydın şəkildə ortaya qoyur: depozit bazası genişlənir, manat depozitlərinin payı artır və dollarlaşma səviyyəsi tədricən azalır.

Bu dəyişikliklər təkcə bank sektorunun daxili dinamikası ilə məhdudlaşmır. Eyni zamanda makroiqtisadi sabitliyin möhkəmləndiyini və əhalinin yığım davranışının daha uzunmüddətli planlaşdırmaya keçdiyini göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)