Hadisə

İki şirkətə 534 min manat ziyan vuran şəxslərə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirləndirilən Anar Süleymanov, Alim Əkbərov və Zəmanət Hüseynlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Süleymanov 7 il 6 ay, A.Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində həbs qətimkan tədbiri seçilməyən Z.Hüseynliyə isə şərti cəza verilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında A.Əkbərovun 12 il 6 ay və A.Süleymanovla Z.Hüseynlinin hər birinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, həmin şəxslər hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz saxta sənədlərdən istifadə edib, aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçiriblər.

Belə ki, A.Əkbərov tanışı A.Süleymanovla “Gobustone” MMC-nin satış mütəxəssisi vəzifəsində işləyən İbadov Ömər İmran oğluna pulunu sonradan ödəyəcəyinə dair yalan vəd verib. Onlar 2016-cı ilin iyun ayında “Gobustone” MMC-dən hörgü bloku və yapışdırıcını alıb ələ keçirmək üçün "Elvin İnşaat Servis" MMC-də heç bir vəzifə tutmadığı və həmin şirkət tərəfindən ona heç bir səlahiyyət verilmədiyi halda, özünü həmin MMC-nin rəsmi nümayəndəsi kimi təqdim ediblər. Hər iki şəxs "Elvin İnşaat Servis" MMC-nin direktoru Ədalət Zahidovun xəbəri olmadan saxta sənəd hazırlayıb, “Gobustone” MMC-nin direktoru Aynur Qasımovla müqavilə imzalayıb. Müqaviləyə əsasən, onlar həmin şirkətdən ümumilikdə 91 595 manat dəyərində tikinti materialları alıblar.

Bundan başqa, A.Əkbərov A.Süleymanovla birgə "Gilan" MMC-nin satış müdiri vəzifəsində işləyən Əhmədli Elçin İsgəndər oğluna pulunu sonradan ödəyəcəyinə dair yalan vəd verib aldadıblar. Onlar özlərini "Elvin İnşaat Servis" MMC-nin rəsmi nümayəndəsi kimi təqdim edərək 2016-cı ilin avqust ayında "Gilan" MMC-dən 36 960 manat dəyərində alcipan materialını saxta sənələrlə ələ keçiriblər.

Cinayət materiallarında qeyd edilib ki, A.Əkbərov digər tanışı Z.Hüseynli ilə yenidən “Gobustone” MMC-nin satış mütəxəssisi vəzifəsində işləyən Ö.İbadova pulunu sonradan ödəyəcəyinə dair yalan vəd verib. Onlar 2016-ci ilin sentyabr ayında “Gobustone” MMC-dən hörgü bloku və yapışdırıcını alıb ələ keçirmək üçün özlərini "Usta Group" MMC-nin rəsmi nümayəndəsi kimi təqdim ediblər. Bu yolla onlar şirkətin 91 595 pulunu dələduzluq yolu ilə mənimsəyiblər.

Həmçinin A.Əkbərovla A.Süleymanov saxta sənəd hazırlamaq yolu ilə "Gilan" MMC-nin yenidən 59 554 manat, "Holcim Azərbaycan" ASC-nın isə 34 6574 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Həmin şəxslər adı çəkilən şirkətlərə, ümümilikdə, 534 683 manat ziyan vurublar.

Təqsirləndirilən şəxslərdən Z.Hüseynlinin barəsində həbs qətimkan tədbiri seçilməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)