Bakıda təcili enən təyyarə bu gün Moskvaya yola düşəcək
Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili enən “Uralskiye Avialinii” aviaşirkətinə məxsus təyyarə Moskvaya martın 12-si səhər saatlarında yola düşəcək.
Hava limanının mətbuat xidmətinin verdiyi məlumata əsasən, Bəhreyn-Moskva reysinin sərnişinləri oteldə yerləşdirilib.
Hava gəmisində partlayıcı qurğunun yerləşdirilməsi şübhəsi mövcud olduğuna görə, Bakıda qəza enişi edən “Uralskiye Avialinii” aviaşirkətinin A321 təyyarəsinə mütəxəssislər tərəfindən baxış keçirilir.
Xatırladırıq ki, Bəhreyndən Moskvaya uçan “Uralskiye Avialinii” aviaşirkətinə məxsus təyyarə bazar ertəsi Bakı vaxtı ilə saat 14.56 dəqiqədə Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə enmişdir. Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilmişdir.
Təyyarədə, ekipaj üzvləri daxil olmaqla, 225 nəfər olmuşdur.