Bank

“PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyir

“2026-cı ildə səhmlərin yerləşdirilməsinə “Paylaşaraq böyüyək – birlikdə” şüarı ilə çıxmağımız təsadüfi deyil. Bu addımın arxasında sadə və aydın yanaşma dayanır: illər ərzində yaratdığımız dəyəri, qazandığımız etimadı və formalaşdırdığımız nüfuzu daha geniş investor kütləsi ilə bölüşmək”.

Marja.az xəbər verir ki, bunu "PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklifinə (İPO) dair tədbirdə Bankın İdarə Heyətinin sədri Cavid Quliyev bildirib. Onun sözlərinə görə, Bankın İdarə Heyətinin tövsiyəsi və səhmdarların qərarı əsasında bu dəyərin bir hissəsinin səhm yerləşdirilməsi yolu ilə bazar iştirakçıları, ilk növbədə isə fiziki şəxslər ilə paylaşılması planlaşdırılır:  

"PAŞA Bank" 2007-ci ildən etibarən Azərbaycan iqtisadiyyatının real sektorunun dəstəklənməsini əsas prioritetlərindən biri kimi müəyyən etmişdir. Bu illər ərzində biz istehsalat, nəqliyyat, tikinti, ticarət, kənd təsərrüfatı və qeyri-neft sektorunun digər əsas sahələrində fəaliyyət göstərən bizneslərin və şirkətlərin etibarlı tərəfdaşı olmuşuq. Bu yanaşmanı artıq konkret nəticələrlə təsdiqləyirik. Son bir neçə il ərzində korporativ və kiçik və orta sahibkarlıq (KOS) seqmentində müştərilərimizin sayı əhəmiyyətli dərəcədə artmışdır. 2025-ci ilin sonuna biznes kreditləri portfelimiz 3,1 milyard manatdan çox olmaqla rekord həddə çatmışdır. Bununla da biz qeyri-dövlət, özəl sektorun maliyyələşdirilməsində lider mövqeyimizi qoruyub saxlamışıq. 

Bankımız fəaliyyətinin bütün əsas istiqamətlərini əhatə edən kompleks inkişaf mərhələsindən keçmişdir. Korporativ idarəetmənin təkmilləşdirilməsi, risk mədəniyyətinin gücləndirilməsi, insan kapitalına yönəldilən investisiyalar, rəqəmsal həllərin tətbiqi, müştəriyönümlülüyün və müştəri təcrübəsinin inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bankın uzunmüddətli dayanıqlığını təmin edən möhkəm institusional baza formalaşdırılıb".

C.Quliyev vurğulayıb ki, bu inkişaf xəttinin nəticəsi olaraq, "PAŞA Bank" maliyyə bazarında etibarlı və güclü mövqeyə malik ən böyük korporativ banka çevrilib, real sektorun maliyyələşdirilməsində aparıcı institusional tərəfdaş statusunu qazanıb: "Azərbaycan iqtisadiyyatının və makroiqtisadi mühitinin ardıcıl inkişafı, ölkədə formalaşmış siyasi və sosial sabitlik, real sektorun güclənməsi uzunmüddətli və sağlam inkişaf üçün möhkəm zəmin yaradır. Bu mühit "PAŞA Bank"ın fəaliyyətinin genişlənməsinə, strateji imkanlarının artmasına və dayanıqlı inkişafına birbaşa müsbət təsir göstərir. "PAŞA Bank" olaraq, illər ərzində formalaşdırdığımız dayanıqlı biznes modelini IPO vasitəsilə növbəti inkişaf mərhələsinə daşımağa və yaratdığımız dəyəri daha geniş investor çevrəsi ilə paylaşmağa hazır olduğumuzu açıq şəkildə bəyan edirik. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanda IPO prosesinə başlayan ilk özəl bank və ilk özəl şirkət məhz "PAŞA Bank"dır. 2026-cı ildə səhmlərin yerləşdirilməsinə “Paylaşaraq böyüyək – birlikdə” şüarı ilə çıxmağımız təsadüfi deyil. Bu addımın arxasında sadə və aydın yanaşma dayanır: illər ərzində yaratdığımız dəyəri, qazandığımız etimadı və formalaşdırdığımız nüfuzu daha geniş investor kütləsi ilə bölüşmək".

Bankın İdarə Heyətinin tövsiyəsi və səhmdarların qərarı əsasında bu dəyərin bir hissəsinin səhm yerləşdirilməsi yolu ilə bazar iştirakçıları, ilk növbədə isə fiziki şəxslər ilə paylaşılması planlaşdırılır.

"Biz inanırıq ki, uzun illər ərzində qurulmuş bu güclü biznes modelinin yaratdığı dəyər təkcə "PAŞA Bank" daxilində deyil, daha geniş miqyasda da paylaşılmalıdır. Səhmlərin yerləşdirilməsi prosesi bankın uzunmüddətli və dayanıqlı inkişafını, şəffaflığını və maliyyə dayanıqlığını daha da gücləndirməyə xidmət edir. Bu çərçivədə bankın kapitalının 5%-i, yəni 932 926 ədəd adi adlı səhm bazara təqdim olunacaq. Biz davamlı və məsuliyyətli inkişaf prinsipinə sadiq qalırıq və inanırıq ki, IPO prosesi həm kapital bazarının, həm də ölkə iqtisadiyyatının inkişafına əlavə təkan verəcək. Bu prosesin əsas mahiyyəti isə birdir: birlikdə yaratdığımız dəyəri daha geniş investor kütləsi ilə bölüşmək və bu inkişaf yolunu birlikdə davam etdirmək. "PAŞA Bank"ın uğuru real sektorun bizneslərinin və tərəfdaşlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır. Biz bu yolu sizinlə birlikdə davam etdirmək niyyətindəyik" - deyə C.Quliyev vurğulayıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)