Lukoil beynəlxalq aktivlərini ABŞ şirkətinə satdı
Carlyle Lukoil International GmbH-ni almağa hazırlaşır. Şirkətdən verilən açıqlamada bildirilib ki, Carlyle investisiya fondunun Lukoil International GmbH-ni satın alma təklifi qəbul edilib.
Açıqlamada qeyd olunub ki, razılaşmaya Lukoil-in Qazaxıstandakı aktivləri daxil deyil. Sövdələşmənin qüvvəyə minməsi üçün isə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) icazəsi ilə yanaşı, bir sıra əlavə şərtlərin yerinə yetirilməsi tələb olunur.
Xatırladaq ki, Lukoil ötən ilin oktyabr ayında beynəlxalq aktivlərini enerji ticarəti ilə məşğul olan Gunvor Group-a satdığını açıqlamışdı. Lakin ABŞ Maliyyə Nazirliyinin Gunvor-u Kremlə bağlı “vasitəçi qurum” kimi qiymətləndirməsi səbəbindən bu razılaşma baş tutmamışdı.
Bundan sonra Lukoil-in beynəlxalq aktivləri Exxon Mobil, Chevron və Abu Dhabi National Oil Company (ADNOC) kimi iri enerji şirkətlərinin də maraq dairəsinə düşüb.
Açıqlamada həmçinin bildirilib ki, Lukoil digər potensial alıcılarla danışıqları davam etdirir.
ABŞ sanksiyalarından sonra satış qərarı
ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin oktyabrında Ukraynada müharibənin dayandırılması ilə bağlı sülh prosesində “ciddi öhdəlik çatışmazlığı” göstərdiyi əsas gətirilərək, Rusiyanın ikinci ən böyük neft istehsalçısı olan Lukoil və onun törəmə şirkətlərini sanksiya siyahısına daxil edib.
Sanksiyalar çərçivəsində Lukoil-in ABŞ-da yerləşən və ya ABŞ vətəndaşlarının nəzarətində olan bütün aktivlərinin dondurulduğu, ABŞ vətəndaşlarına isə bu aktivlərlə bağlı istənilən maliyyə əməliyyatının aparılmasının qadağan edildiyi bildirilib. Eyni zamanda, sanksiyaya məruz qalan fiziki və ya hüquqi şəxslərin birbaşa və ya dolayı yolla 50 faizdən çox paya sahib olduğu digər şirkətlərin də avtomatik olaraq sanksiya rejiminə daxil edildiyi vurğulanıb.
Qlobal neft hasilatının təxminən 2 faizini təmin edən Lukoil, sanksiya qərarından sonra beynəlxalq aktivlərini satacağını açıqlayıb. Bu addım 2022-ci ilin fevralında başlayan Ukrayna müharibəsindən bəri Rusiya enerji sektorunda Qərb sanksiyalarına cavab olaraq atılmış ən ciddi addımlardan biri kimi qiymətləndirilir.

















