Sosial iqtisadiyyat

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

2025-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 67,6 milyard manatlıq, o cümlədən 36,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 30,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 %, qeyri-ərzaq malları üzrə 6,8 % artıb.

Ötən il alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,3 %-i ərzaq məhsullarının, 4,3 %-i içkilər və tütün məmulatlarının, 14,3 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 %-i avtomobil benzini və dizel yanacağının, 4,7 %-i elektrik malları və mebellərin, 2,5 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat ilində qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların dəyəri əvvəlki illə müqayisədə real ifadədə 3,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.

İl ərzində pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,1 %, fərdi sahibkarlar üzrə 1,1 %, bazar və yarmarkalarda isə 4,6 % artıb.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 550,2 manatlıq, o cümlədən 300,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 249,9 manatlıq qeyri-ərzaq malları alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)