MALİYYƏ

"Siyahılar dəqiqləşdikdən sonra vətəndaşlar banklara dəvət olunacaq"

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitiki Ayaz Museyibovun müsahibəsi.  

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanda əsas məqsəd nədir?

- Fərmanın verilməsində əsas məqsəd ölkə əhalisinin sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməkdir ki, burada da sosial ədalət prinsipləri əsas götürülüb.

- Deyək ki, devalvasiyadan əvvəl zaminli kredit müqaviləsi bağlanılıb, borclu krediti ödəyə bilməyib, zamin ödəyib. Bu halda kompensasiya kimə ödənilməlidir?

- Əlbəttə, mümkündür ki, borcalan borc öhdəliyini yerinə yetirmək iqtidarında deyilsə, kredit məbləği müqaviləyə əsasən zamindən tutulub. Yəni, zaminin eyni bankda əmanəti və ya əmək haqqı kartı olub, borc öhdəliyi də avtomatik qaydada həmin hesaba yönəldilmişdir. Fərmanda göstərilib ki, kompensasiya borcalana ödənilir. Lakin kredit banka borcalanın əvəzinə zamin tərəfindən ödənibsə, bu zaman borcalana qarşı hüquqi tələb yaranır. Həmçinin, bu kimi hallar istisna hallardır və növbəti mərhələdə borcalanla zamin arasında hüquqi çərçivədə həll oluna bilər. Bütün hallarda bu məsələ qaydalarda nəzərdə tutulacaq.

 - Bir şəxs bir bankdan 4 min dollar, o biri bankdan 5 min dollar kredit götürüb, cəmi 10 min dolları ötmür. Fərman bu şəxslərə şamil olunacaqmı?

- Bəli, qeyd olunan şəxslər də Fərmandan yararlana biləcəklər. Yəni əgər şəxsin kreditlər üzrə əsas borcunun cəmi qalıq məbləği 10.000 ABŞ dollarını ötmürsə, fərman bu şəxslərə də şamil edilir.

 - Dollar krediti devalvasiyadan sonra restrukturizasiya olunub manat krediti kimi rəsmiləşdirilibsə, yeni müqavilə, əvvəlki müqaviləni hüquqi varisi kimi tanınacaqmı, tanınacaqsa bankın devalvasiyaya görə etdiyi güzəştlər veriləcək kompensasiyada nəzərə alınacaqmı?

- Devalvasiyadan öncə dollarla kredit götürmüş şəxslərin bir qismi kredit

təşkilatları ilə qarşılıqlı razılaşma əsasında sonradan həmin kreditlərini manata çeviriblər. Bu şəxslər banklardan manatla kredit alsalar belə, onlar Prezidentin müvafiq fərmanından faydalanacaqlar. O ki qaldı güzəşt məsələsinin nəzərə alınmasına, kompensasiya dövlət tərəfindən ödənildiyi üçün bankın etdiyi güzəşt xüsusi bir hal kimi nəzərə alınmayacaq.

- Problemli kreditlərlə bağlı hazırda məhkəmələrdə hansı sayda işin olduğu dəqiqləşibmi? Bu işlərin icrasının dayandırılmasının hüquqi proseduru necədir?

 - Hesablamalar onu göstərir ki, bu işlərin sayı 311 min civarındadır. Fərmanda bu məsələnin hüquqi çərçivəsi müəyyənləşdirilmiş və banklara tövsiyə olunub ki, bir ay müddətində bu kreditlərlə bağlı məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Bununla da, məhkəmə icraatında olan bu işlər geri çağırılacaq və icrada olan işlər dayandırılacaq.

- Problemli kreditlərlə bağlı çıxarılmış məhkəmə qərarlarından icra olunanları var? Bununla bağlı hüquqi prosedur necə olmalıdır?

- Fərmanın verildiyi tarixədək əlbəttə ki, problemli kreditlərlə bağlı müxtəlif məhkəmə qətnamələri olub. Bu qətnamələrin bir qismi icra olunub, bəzilərinin icrası isə yarımçıq qalıb. Ancaq burada əsas məsələ borcla bağlı məhkəmə qətnaməsinin olması yox, borcun ödənişi ilə bağlı verilən kompensasiyadır. Yəni borcla bağlı məhkəmə qətnaməsi mövcuddursa, borcalan kompensasiyasını alacaq, mövcud deyilsə daha öncə də qeyd etdiyim kimi, o zaman həmin yarımçıq məhkəmə işləri geri çağırılacaq. Beləliklə də, bütün şəxslər-yəni həm haqqında məhkəmə qətnaməsi olanlar, həm də digər vətəndaşlarımız müvafiq güzəştlərdən faydalanacaqlar.

- Bu Fərman bankların inkişafına necə təsir edəcək?

- Prezidentin müvafiq fərmanı əsasən sosial yönümlü olsa da, əlbəttə ki, ölkədə bank sektorunun əsaslı inkişafına da öz müsbət təsirini göstərəcək. Bunu bir neçə aspektdən izah etmək olar. İlk öncə bu bankların kapital mövqeyinin möhkəmlənməsi və likvidliyinin artırılmasına müsbət təsir edəcək. Digər tərəfdən isə banklar problemli kredit tarixçəsinə malik olan şəxslərə kredit resurslarının ayrılmasında müəyyən məhdudiyyətlər tətbiq edirdilər. Lakin Fərmandan irəli gələn məsələlərin icrası özlüyündə müsbət kredit tarixçəsinə malik olan şəxslərin sayının artımına və banklar üçün də yeni potensial borcalan bazasının formalaşmasına səbəb olacaq. Ümumilikdə isə fərmanın icrası nəticəsində Azərbaycan bank sektoru yeni bir mərhələyə qədəm qoyacaqr. Çünki bununla banklara bir daha şans verilir ki, peşəkar idarəetmə və yüksək keyfiyyətli risk menecment sistemi qurmaqla öz fəaliyyətlərini genişləndirsinlər.

 - Bankların bundan sonra kredit vermə prosedurlarında hansısa dəyişikliklərə ehtiyac varmı? Bu, gələcəkdə kredit götürənlərdə bir arxayınlıq yarada, borcalanların intizamına mənfi təsir edə bilərmi?

- Daha öncə də qeyd etdiyim ki, fərman banklara öz idarəetmə və risk menecmentlərinə bir daha baxmağa, kredit və əməliyyat risklərinin mitigasiyası üçün yeni alətlərdən istifadə etməyə imkan verir. Borcalanlarla bağlı isə qeyd etmək istərdim ki,  Prezidentin 06 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji yol xəritəsində ölkədə maliyyə intizamının möhkəmləndirilməsi əsas hədəflərdən biri kimi təsbit edilmişdir və borcalma nüfuzunun maliyyə resurlarına asan çıxış üçün bir vasitə kimi istifadə edilməsi dövlətimiz üçün əsas prioritetlərdəndir. Məhz bu səbəbdən düşünürəm ki, fərmanın icrası borcalanları bundan sonrakı borc alınması qərarlarında daha intizamlı davranmağa və beləliklə də, maliyyə xidmətlərindən daha nizamlı istifadə etməyə təşviq edəcək.

- Problemli krediti ödəyənlər və hazırda ödəməyə davam edənlər məsələnin həlli üçün hara və hansı qaydada müraciət etməlidirlər?  Prosedur müəyyənləşibmi? Fəaliyyətini dayandıran bankların müştəriləri ilə bağlı məsələlər necə tənzimlənəcək?

 - Fərmanda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar olaraq aidiyyəti qurumlara müvafiq göstərişlər verilib və vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğinin və borcluların siyahısının dəqiqləşdirilməsi üzrə iş aparılır. Müvafiq siyahılar dəqiqləşdikdən və təsdiq edildikdən sonra vətəndaşlara bu barədə müxtəlif kommunikasiya kanalları vasitəsi ilə fərdi qaydada (e-mail, məktub, telefon və s.) məlumat veriləcək və onlar banklara dəvət olunacaq. Fəaliyyətlərini dayandırmış bankların müştəriləri ilə bağlı məsələlər isə müvafiq bankların ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə tənzimlənəcək. Ona görə də, vətəndaşlarımızın bu məsələlər barədə narahatlığına əsas yoxdur.

 

 

(c) ONA

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)