Sənaye

Britaniyanın Azərbaycandakı mədən şirkəti rekord həcmdə mis hasil edib

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasil edən mədən şirkəti “Anglo Asian Mining plc”in 2025-cü ilin ilk üç rübündə rekord həcmdə mis hasil etdiyi açıqlanıb.

ENA.az xəbər verir ki, ilk üç rübdə mis hasilatı ötən rüblə müqayisədə təxminən 250% artaraq 2 287 ton təşkil edib. Bu artım əsasən Dəmirli mədənində hasilatın başlaması və Gilar mədəninin tam rüblük fəaliyyətinə görə baş verib. Gədəbəkdə 1 576 ton, Dəmirlidən isə 711 ton mis hasil olunub.

Qızıl və gümüş istehsalı da əhəmiyyətli dərəcədə artıb. Qızıl hasilatı illik müqayisədə iki dəfədən çox artaraq 6 798 unsiyaya, gümüş hasilatı isə 41 605 unsiyaya çatıb. Ümumilikdə 2025-ci ilin doqquz ayında 3 475 ton mis, 18 912 unsiya qızıl və 103 959 unsiya gümüş hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə çox böyük artım deməkdir.

Şirkətin portfelində mühüm irəliləyişlər müşahidə olunub. Gilar mədəni tam gücü ilə fəaliyyətini davam etdirərək 239 120 ton filiz hasil edib, bunun bir hissəsi – 71 188 tonu – yüksək keyfiyyətli (3.8% mis tərkibli) filiz kimi ehtiyatda saxlanılıb. Dəmirli mədəni isə bu rübdən etibarən hasilata başlayıb və 4 548 quru ton konsentrat istehsal edib. Burada həm SAG, həm də yeni quraşdırılmış bilyalı dəyirman (ball mill) fəaliyyət göstərir. Gədəbəkdəki flotasiya zavodunda daha yüksək dərəcəli filizlərin emalı və səmərəliliyin artırılması məqsədilə modernizasiya işləri aparılır.

Şirkət 9 oktyabr 2025-də illik istehsal proqnozlarını da yeniləyib. Yeni göstəricilərə əsasən, 2025-ci il üzrə mis hasilatının 8 100–9,000 ton, qızıl hasilatının isə 25 000–28 000 unsiya arasında olacağı gözlənilir.

Hesabat dövründə ümumi qızıl satışları 14 962 unsiya təşkil edib və orta satış qiyməti hər unsiya üçün 3 200 ABŞ dolları olub. Hazırda dünya birjasında spot qızıl hər unsiya üşüm 4250 dollara qədər bahalaşıb.

Şirkət xərclərə ciddi nəzarət siyasətini davam etdirərək rübü 1.2 milyon dollarlıq mənfi pul axını ilə başa vurub. Bu göstərici əsasən Dəmirlidə istehsalın işə salınması ilə bağlı ilkin xərclərlə əlaqədardır. 30 sentyabr 2025 tarixinə şirkətin inventar dəyəri 11.5 milyon dollar olub, bunun 7.2 milyon dolları Gədəbəkdə, 4.3 milyon dolları isə Dəmirlidə saxlanılan satılmamış konsentratla bağlıdır.

“Bu il şirkətimiz üçün dönüş nöqtəsi oldu. Gilar və Dəmirli mədənləri uğurla fəaliyyətə başlayıb və xüsusilə Gilar yüksək keyfiyyətli filizlərlə fərqlənir. Bu iki yeni aktiv sayəsində biz 2 287 tonla rekord rüblük mis hasilatına nail olduq. Anglo Asian artıq əsasən mis istehsalına yönələn bir şirkətə çevrilir.”- deyə, “Anglo Asian Mining”in baş icraçı direktoru Rza Vaziri bildirib:

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)