Səudiyyə konsulu toxunulmazlığından istifadə edərək Türkiyədən gedib
Türkiyə hakimiyyəti Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd əl-Üteybinin müxalifətçi jurnalist Camal Qaşıqçının itkin düşməsinin araşdırılması fonunda ölkəni tərk etməsinə mane ola bilməyib.
Bİ.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik deyib.
"Diplomatların toxunulmazlıq hüququ var, onlar Vyana konvensiyasının müdafiəsi altındadırlar və onun gedişinə mane olmaq olmazdı. Türkiyə hüquqi dövlətdir. Biz baş konsulluğa baxış keçirmək üçün icazə istədik, bizə dərhal razılıq verilmədi, sonra biz onu aldıq. Biz istintaqın gedişatını yüksək həssaslıqla izləyirik", - deyə Çelik jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Türkiyə hökuməti məsələnin araşdırılmasını boş buraxmaq niyyətində deyil.
"Hazırda müxtəlif ehtimallar ortaya çıxır, lakin belə vacib bir məsələdə araşdırmaların dünya ictimaiyyəti üçün açıqlanacaq nəticələri olmadan, bir kəlmə artıq söz demək olmaz", - deyə Çelik əlavə edib.
Çərşənbə axşamı Əl-Uteybi Qaşıqçı işi ilə bağlı qalmaqal fonunda Türkiyəni tərk edib.