İnşaat və əmlak

"Biz heç kimi döyməmişik, evini qanunsuz sökməmişik"

“Qaranti –İnşaat-2012” MMC adlı tikinti şirkəti Bakının Nərimanov rayonu Möhsün Sənani küçəsi 163 ünvanında yerləşən iki evi bu gün günorta saatlarında heç bir qanuni sənəd olmadan uçurub.  Evdə yaşayan sakinlər şirkətin mülki geyimli əməkdaşları tərəfindən döyülüb, əşyaları çölə atılıb. Ev sahibi Cəlal Cəlili-Azəri  adlı şəxs isə elektrik dirəyinə çıxaraq televiziyaların gəlib bu vəziyyətini çəkməsini tələb edir.  

 

Bunu  evi sökülən digər sakin Kənan Fərəcli bildirib. Onun sözlərinə görə, özünü atmaq istəyən şəxs onun dayısıdır. Həmin ünvanda digər həyət evləri olsa da, sökülən yalnız bu iki ailəyə məxsus evlərdir.

 

“İki saat olar ki, “Qaranti-İnşaat-2012” MMC tikinti şirkətinə məxsus traktorlar hücum edərək evimizi dağıtdılar. Özümüzü də şirkətin mülki geyimli şəxsləri döydülər, əşyalarımızı yığıb küçəyə tökdülər. Evimiz böyükdür, 10-a yaxın insan yaşayır. Hamımız qalmışıq küçədə”, - deyə K. Fərəcli bildirib.

 

Sakin həmçinin qeyd edib ki, əgər çəkiliş olmasa, dayısı elektrik dirəyindən özünü atacağını deyir. 

 

“Qaranti-İnşaat-2012” MMC şirkəti Nərimanov rayonunda, M.Sənani küçəsində “Azadlıq Bağçalı evlər “ adlı yaşayış kompleksi inşa edir.

 

“Garanti İnşaat” şirkəti ilə əlaqə saxlayaraq evlərin qanunsuz uçurulması və sakinlərin döyülməsi ilə bağlı şikayətə aydınlıq gətirilməsini istədik. Şirkətin özünü təqdim etmək istəməyən əməkdaşı həmin ərazidə heç bir qanunsuz söküntü aparılmadığını dedi: “Ünvanı bilirsiniz, inanmırsnızsa, gəlin özünüz baxın. Biz heç kimi döyməmişik, heç kimin evini qanunsuz sökməmişik, deyilənlər hamısı şayiədir”.

 

Telefon zənginə cavab verən həmçinin bildirib ki, həmin ərazidə yalnız sakinlərlə razılaşdırılmış halda evlər sökülür və müasir binalar tikilir. Sakinlərə verilən kompensasiyaya gəlincə isə, şirkət rəsmisi bunun müqavilə ilə tənzimləndiyini və gizli saxlanıldığını dedi. Daha sonra telefonu söndürdü...

 

© virtualaz

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)